Bank sektorunda tənzimləmə və nəzarət mexanizmlərinin ardıcıl şəkildə təkmilləşdirilməsi Azərbaycanın bank sisteminin dayanıqlığını gücləndirir.
Finss.az beynəlxalq reytinq agentliyi "Moody’s"-ə istinadən xəbər verir ki, bu proses aktivlərin sabit keyfiyyəti, kifayət qədər ehtiyatların formalaşdırılması və bankların möhkəm kapital mövqeləri ilə müşayiət olunur.
Agentliyin qiymətləndirməsinə əsasən, Azərbaycanın bank sektorunun risk səviyyəsinin “baa” kateqoriyasında qərarlaşması sektorun nisbətən kiçik miqyasını əks etdirir və bu da potensial şərti öhdəlik risklərini məhdudlaşdırır.
Moody’s vurğulayır ki, bank sektorunda aparılan islahatların davam etdirilməsi, xüsusilə likvidliyin və risklərin idarə olunması sahəsində Bazel III tələblərinin tətbiqi, maliyyə sisteminin sabitliyinə uzunmüddətli müsbət təsir göstərəcək.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 16 dekabr tarixli qərarı ilə “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na dəyişikliklər edilib. Bu dəyişikliklər çərçivəsində bank kapitalının strukturu, kapital adekvatlıq əmsalları, kapital buferləri və digər prudensial tələblər Bazel III standartlarına uyğunlaşdırılıb.
Banklara yeni kapital strukturuna uyğunlaşmaq, daxili qayda və prosedurlarını yenilənmiş normativ tələblərə uyğunlaşdırmaq, həmçinin işçi heyətinin təlimi və prudensial hesabatlığa yeni yanaşmaların inteqrasiyası üçün bir illik keçid dövrü təqdim olunub.
1 yanvar 2027-ci ildən etibarən banklar yeni tələblərə tam şəkildə əməl etməli olacaqlar.
Fuad Mədətov
Finss.az
