BANK

22 Yanvar

Effektiv islahatlar Azərbaycanın suveren kredit reytinqinin yüksəlməsinə yol aça bilər - Moody’s

Azərbaycanda həyata keçirilən islahatlar ölkənin iqtisadi və fiskal baxımdan karbohidrogen sektorundan asılılığının gözləniləndən daha əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxara bilər.

Finss.az beynəlxalq reytinq agentliyi “Moody’s”in açıqladığı hesabatına əsasən xəbər verir ki, davam edən islahatlar fonunda institusional bazanın daha da möhkəmləndirilməsi üçün zəruri ilkin şərtlər formalaşıb. Sözügedən islahatlar pul-kredit siyasətinin ötürücü mexanizminin səmərəliliyinin artırılmasına, maliyyə sektorunun tənzimlənməsi və dövlət maliyyə idarəçiliyinin təkmilləşdirilməsinə, eləcə də inzibati proseslərdə şəffaflığın yüksəldilməsinə yönəlib.

Agentliyin qiymətləndirməsinə görə, cari və gələcək islahatlar idarəetmə, şəffaflıq və iqtisadi siyasətin proqnozlaşdırıla bilməsi sahəsində daha sürətli və davamlı irəliləyişlərə səbəb olarsa, Azərbaycanın suveren kredit reytinqinin yüksəldilməsi mümkün ola bilər. Bu proses institutlara inamın güclənməsinə və onların uzunmüddətli struktur çağırışlarına uyğunlaşma qabiliyyətinin artmasına töhfə verəcək.

“Moody’s” vurğulayır ki, reytinq artımına təsir göstərə biləcək əsas amillərdən biri də iqtisadiyyatın şaxələndirilməsi siyasətinin effektivliyidir. Bu siyasət makroiqtisadi və büdcə göstəricilərinin neft qiymətlərinin dəyişkənliyinə həssaslığını azaltmaqla yanaşı, qlobal uzunmüddətli karbon keçidi ilə bağlı riskləri də zəiflədə bilər.

Hesabatda qeyd edilir ki, Azərbaycan ilə Ermənistan arasında iqtisadi və diplomatik münasibətlərin əhəmiyyətli dərəcədə yaxşılaşması da ölkənin kredit profilinə müsbət təsir göstərə biləcək mühüm amillərdən biridir. Bu inkişaf geosiyasi gərginliyin yenidən alovlanma ehtimalını azaltmaqla risk mühitinin yumşalmasına xidmət edir.

Agentliyin analitikləri bildirirlər ki, qeyri-neft gəlirlərinin səfərbər edilməsibüdcənin karbohidrogen mənşəli fövqəlgəlirlərdən asılılığının azaldılmasına yönəlmiş qeyri-neft fiskal konsolidasiyasının gücləndirilməsi fonunda Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) aktivləri artmaqda davam edəcək.

Hesabatda, həmçinin qeyd olunur ki, 2025-ci ilin avqustunda Azərbaycan və Ermənistan sülh sazişinin mətnini paraflayıb, bu isə diplomatik dialoqun fəallaşmasına və sərhəd məhdudiyyətlərinin aradan qaldırılmasına səbəb olub. Bu addımlar əvvəlki onilliklərdə müşahidə edilən hərbi toqquşmalarla müqayisədə geosiyasi risklərin potensial azalmasına işarə edir.

“Moody’s” tərəfindən “ba1” səviyyəsində qiymətləndirilən Azərbaycanın iqtisadi dayanıqlığı, neft-qaz sektorundan hələ də yüksək asılılığa baxmayaraq, orta müddətli dövrdə əlverişli iqtisadi artım perspektivlərini əks etdirir. Hökumətin fiskal dayanıqlığı isə “aaa” səviyyəsində qiymətləndirilib və bu göstərici dövlətin güclü xalis kreditor mövqeyi ilə təmin olunur. Qeyd edilir ki, suveren aktivlərin həcmi birbaşa dövlət borcunu və verilmiş zəmanətləri tam şəkildə əhatə edir, öhdəliklərin xarici valyutada yüksək payına baxmayaraq risklər idarəolunan səviyyədə qalır.

Fuad Mədətov
Finss.az