Azərbaycanda pul-kredit siyasəti çərçivələrinin təkmilləşdirilməsi ölkənin xarici mövqelərinin dayanıqlığının möhkəmlənməsinə töhfə verir.
Finss.az beynəlxalq reytinq agentliyi “Moody’s”in açıqladığı hesabatına əsasən xəbər verir ki, Azərbaycanın suveren reytinqləri, o cümlədən uzunmüddətli emitent reytinqi “Baa3” səviyyəsində qalır və bu göstərici dövlətin xalis kreditor mövqeyi ilə dəstəklənir. Sözügedən mövqe əsasən Azərbaycanın Dövlət Neft Fondunda (SOFAZ) toplanmış iri maliyyə aktivləri hesabına formalaşıb. SOFAZ suveren rifah fondu kimi çıxış edərək mühüm maliyyə buferi rolunu oynayır, dövlət sektorunun likvidlik və xarici həssaslıq risklərini azaldır.
“Moody’s” hesabatda iqtisadi siyasətin effektivliyinin tədricən artdığını da vurğulayır. Xüsusilə pul-kredit və makroiqtisadi siyasət sahəsində aparılan islahatlar xarici mövqelərin dayanıqlığının və maliyyə sisteminin xarici şoklar şəraitində sabitliyinin güclənməsinə xidmət edir. Eyni zamanda fiskal ehtiyatlardan səmərəli istifadə əks-tsiklik büdcə siyasətinin aparılmasına və fiskal və borc göstəricilərinin potensial pisləşməsinin qarşısının alınmasına imkan yaradır.
Reytinq agentliyi qeyd edir ki, 2025-ci ildə dünya neft qiymətlərinin azalmasına baxmayaraq, Azərbaycan iqtisadiyyatı müsbət artım tempini qoruyub saxlayıb, lakin artım 2024-cü illə müqayisədə daha mülayim olub.
Hesabatda bildirilir ki, hesabat dövrünün ilk 11 ayında real ÜDM illik ifadədə 1,6% artıb, 2025-ci ilin yekununda isə artımın təxminən 1,5% təşkil edəcəyi gözlənilir. Bu dinamika neft və qaz hasilatının azalmasına baxmayaraq, qeyri-neft sektorunun dayanıqlılığı hesabına qismən kompensasiya olunub.
“Moody’s”in qiymətləndirməsinə görə, neftin daha aşağı qiymətləri və dövlət xərclərinin artması nəticəsində konsolidə olunmuş fiskal profisit 2025-ci ildə ÜDM-in təxminən 2,4%-nə qədər azalacaq. Bu göstərici 2024-cü ildə ÜDM-in 4%-i səviyyəsində olub. Bununla yanaşı, infrastruktur layihələri, bərpa proqramları və sosial təşəbbüslərin maliyyələşdirilməsi fonunda dövlət büdcəsinin cüzi kəsirlə icra ediləcəyi proqnozlaşdırılır.
Agentlik vurğulayır ki, büdcə kəsirinin məhdud miqyası dövlət borcunun ÜDM-in 30%-indən aşağı səviyyədə saxlanmasına imkan verəcək. Bu göstərici orta müddətli fiskal strategiyanın hədəflərinə uyğundur və oxşar kredit reytinqinə malik ölkələrin orta göstəricilərindən xeyli aşağıdır.
Fuad Mədətov
Finss.az
