“Azər-Türk Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının qərarı ilə İdarə Heyətinin üzvü Günel Nəbiyeva Bankın İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
Finss.az banka istinadən xəbər verir ki, Günel Nəbiyeva 2020-ci ildən Azərbaycan İnvestisiya Holdinqində Baş hüquq inzibatçısı və digər rəhbər vəzifələrdə çalışıb. O, bank sektorunda 15 ildən artıq zəngin təcrübəyə malikdir və 2006-cı ildən etibarən “Unibank” Kommersiya Bankı ASC-də, o cümlədən Maliyyə Bazarlarına Nəzarət Palatasında (Mərkəzi Bank) müxtəlif rəhbər vəzifələr tutub.
Karyera və Təhsil
2022-2025-ci illərdə Günel Nəbiyeva “Azər-Türk Bank” ASC-nin Müşahidə Şurasının tərkibində yer alıb, 2025-ci ilin dekabr ayından isə Bankın İdarə Heyətinin üzvüdür. Holdinqdəki fəaliyyəti dövründə o, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Bakı Metropoliteni” QSC və “BakuBus” MMC-nin müşahidə şuralarının üzvü təyin olunub.
Təhsilini Bakı Dövlət Universitetinin Hüquq fakültəsində tamamlayan Günel Nəbiyeva 2005-ci ildə bakalavr, 2008-ci ildə isə magistr pilləsini bitirib.
Bankın Səhmdar Strukturu
Azərbaycan Respublikası Prezidentinin 28 mart 2024-cü il tarixli Sərəncamı ilə Bankın nizamnamə kapitalında dövlətə məxsus səhmlərin 51%-i SOCAR-a ötürülüb. Hazırda Bankın nizamnamə kapitalının 75%-i dövlətə (51%-i SOCAR-da olmaqla), 6,55%-i “AzRe Təkrarsığorta” ASC-yə, 5%-i “Qala Həyat Sığorta Şirkəti” ASC-yə, 12,37%-i “T.C. Ziraat Bankası” AŞ-yə və 1,08%-i “Ziraat Bank İnternational” AG-yə məxsusdur.
Səhmdarların ümumi yığıncağında dövlət adından qəbul olunan qərarlar Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılır.

