Dünya Bankı Cənubi Qafqaz ölkələrində iqtisadi artım tempinin yaxın iki il ərzində zəifləyəcəyini proqnozlaşdırır.
Finss.az bankın 2026-cı ilin yanvar ayında dərc etdiyi “Global Economic Prospects 2026” adlı hesabatına əsasən xəbər verir ki, regionda iqtisadi dinamika əvvəlki illərlə müqayisədə daha aşağı səviyyədə formalaşacaq.
Proqnozlara əsasən, Cənubi Qafqazda real ÜDM-in artımı 2026-cı ildə 3,3%, 2027-ci ildə isə 3,1% təşkil edəcək. Bu göstəricilər 2025-ci il üçün nəzərdə tutulan 3,7%-lik artım proqnozundan aşağıdır. Hesabatda bildirilir ki, region iqtisadiyyatı 2023-cü ildə 4%, 2024-cü ildə isə 5,8% artım nümayiş etdirərək pik mərhələyə çatıb.
Sənəddə vurğulanır ki, “Cənubi Qafqazda artımın 2026-cı ildə 3,3%-ə, 2027-ci ildə isə 3,1%-ə qədər yavaşlaması gözlənilir” və bu meyl struktur və xarici amillərlə əlaqələndirilir.
Dünya Bankının qiymətləndirməsinə görə, Azərbaycanda iqtisadi fəallıq əsasən neft və qaz hasilatının azalması, qlobal neft qiymətlərinin enməsi və sərt fiskal siyasət səbəbindən məhdudlaşacaq.
Ermənistan və Gürcüstanda isə iqtisadi artımın mülayim şəkildə yavaşlaması proqnozlaşdırılır. Hesabatda qeyd olunur ki, bu ölkələrdə özəl istehlak əvvəlki illərin yüksək səviyyəsindən normallaşır, eyni zamanda pul köçürmələrinin və ixrac gəlirlərinin azalması cari əməliyyatlar balansına təzyiq yaradır.
Bununla yanaşı, Dünya Bankı müsbət amil kimi vurğulayır ki, 2025-ci ilin avqustunda Ermənistan və Azərbaycan arasında sülh sazişi mətninin paraflanması regional sabitliyi gücləndirə və iqtisadi inteqrasiyanın dərinləşməsinə töhfə verə bilər. Bankın fikrincə, bu proses uzunmüddətli iqtisadi artım perspektivlərini dəstəkləyən mühüm faktor hesab olunur.
Fuad Mədətov
Finss.az
