BANK

19 Yanvar

2026–2028-ci illərdə Azərbaycan iqtisadi artım proqnozu açıqlanıb - Dünya Bankı

Dünya Bankının 2026-cı ilin yanvar ayına dair hesabatına görə, Azərbaycanın iqtisadi artımı yaxın iki ildə zəifləyəcək. Gözləntilərə görə, 2026-cı ildə real ÜDM 1,8%, 2027-ci ildə isə 1,7% artacaq.

Finss.az Dünya Bankının 2026-cı ilin yanvar ayına dair "Global Economic Prospects" hesabatına əsasən xəbər verir ki, artımın yavaşlaması əsasən neft-qaz sektorundakı dəyişikliklər və fiskal siyasətin sərtləşdirilməsi ilə bağlıdır.

Hesabatda qeyd olunur ki, 2024-cü ildə iqtisadi artım 4,1% olmuş, 2023-cü ildə isə 1,4% azalma qeydə alınmışdı. 2025-ci ilin yanvar–noyabr aylarında isə ÜDM 1,6% artaraq 116,3 milyard manat səviyyəsinə çatıb.

Sektorlar üzrə vəziyyət belədir: neft-qaz sahəsində əlavə dəyər 1,8% azalarkən, qeyri-neft-qaz sektorunda artım 3,2% təşkil edib. ÜDM-in pay bölgüsü göstərir ki, sənaye 34%, ticarət və nəqliyyat vasitələrinin təmiri 10,6%, tikinti 6,5%, kənd təsərrüfatı və meşə təsərrüfatı 6,4%, nəqliyyat və anbar təsərrüfatı 7,2% paya malikdir. Turizm və ictimai iaşə 2,8%, informasiya və kommunikasiya sektoru 1,9% təşkil edir. Qalan sahələr və xalis vergilər isə ÜDM-in təxminən 30,6%-ni təmin edir. Adambaşına düşən ÜDM 11 356,4 manatdir.

Dünya Bankı həmçinin Cənubi Qafqazda stabillik və iqtisadi inteqrasiyanın güclənəcəyini vurğulayıb. Hesabata görə, 2025-ci ilin avqustunda Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanması region üçün müsbət addımdır və iqtisadi fəallığı dəstəkləyəcək.

Fuad Mədətov
Finss.az