2025-ci ilin dekabrın 1-nə Azərbaycanda banklar və qeyri-bank kredit təşkilatları tərəfindən real sektora qoyulmuş ümumi kredit portfeli 32,009 milyard manat təşkil edib.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatının əsasən xəbər verir ki, noyabrın 1-i ilə müqayisədə 294,5 milyon manat və ya 0,9% artım, illik müqayisədə isə 2,4 milyard manat və ya 8,3% artım deməkdir.
Rabitə və nəqliyyat sektorunda kredit qoyuluşu 2,143 milyard manat təşkil edib ki, bu da əvvəlki aya nisbətən 0,9% (19,3 mln. manat), illik müqayisədə isə 17,6% (321,1 mln. manat) artım deməkdir.
İnşaat və tikinti sektorunda kredit qoyuluşu 1,861 milyard manat səviyyəsində olub; aylıq müqayisədə artım 1,6% (29,1 mln. manat), lakin illik müqayisədə 4,7% (91 mln. manat) azalma müşahidə edilib.
Sənaye və istehsal sektorunda isə kredit qoyuluşu 1,679 milyard manat təşkil edib, əvvəlki aya nisbətən 0,8% (14,2 mln. manat) azalsa da, illik müqayisədə 6,5% (103,2 mln. manat) artım qeydə alınıb.
Fuad Mədətov
Finss.az
