Niderlandın “ING Group” şirkətinin qiymətləndirmələrinə görə, Azərbaycanda inflyasiyanın 2026-cı ildə 5,3%, 2027-ci ildə isə 8,9% olacağı proqnozlaşdırılır.
Finss.az “ING Group”a istinadən xəbər verir ki, 2026-cı ilin rüblük inflyasiya proqnozu belədir:
- I rüb – 5,2%
- II rüb – 5,4%
- III rüb – 5,3%
- IV rüb – 5,5%
Şirkətin hesablamalarına görə, 2025-ci ildə ölkədə inflyasiya 5,6% təşkil edib.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2025-ci ilin noyabr ayında 12 aylıq inflyasiya 5,5% olub. Ərzaq məhsulları, spirtli içkilər və tütün məmulatları üzrə illik inflyasiya 7,1%, qeyri-ərzaq məhsullarının qiymətləri 2,5%, ödənişli xidmətlər üzrə isə 5,7% artım göstərib. Mövsümi dəyişikliklər nəzərə alınmadan hesablanan illik baza inflyasiyası noyabr ayında 4,8% təşkil edib.
2025-ci ildə inflyasiyaya həm tələb, həm də təklif amilləri təsir göstərib. Qiymətləndirmələrə əsasən, ticarət tərəfdaşlarındakı inflyasiya 2025-ci ilin noyabr ayında ölkədə illik inflyasiyaya 2,87 faiz bəndi, nominal effektiv məzənnəyə isə 0,38 faiz bəndi təsir edib. Həmin dövrdə daxili təklif (kənd təsərrüfatı istehsalçıları və s.) və tələb amilləri (ev təsərrüfatlarının və dövlətin istehlakı və s.) inflyasiyanın artımına öz töhfəsini verib.
Fuad Mədətov
Finss.az
