Niderlandın bank qrupu “ING” Azərbaycanda ÜDM-in yaxın illərdəki artım proqnozunu açıqlayıb.
Finss.az-ın məlumatına görə, sənədə əsasən, 2026-cı ildə ÜDM 2,8%, 2027-ci ildə isə 2% artacağı gözlənilir. “ING”nin hesablamalarına görə, 2025-ci ildə Azərbaycanın ÜDM artımı 1,6% təşkil edib. Bankın məlumatına görə, 2025-ci ilin dördüncü rübündə ÜDM 2,5% artıb.
2026-cı ildə rüblük ÜDM artımı proqnozu belədir:
- I rüb: 4%
- II rüb: 2,5%
- III rüb: 3,5%
- IV rüb: 1%
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar–noyabr aylarında ÜDM 116 320,1 milyon manat olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,6% artım deməkdir. Neft-qaz sektorunda əlavə dəyər 1,8% azalıb, qeyri-neft-qaz sektorunda isə 3,2% artım müşahidə olunub.
ÜDM-in strukturunda sahələrin payı belədir:
- Sənaye: 34%
- Ticarət və nəqliyyat vasitələrinin təmiri: 10,6%
- Nəqliyyat və anbar təsərrüfatı: 7,2%
- Tikinti: 6,5%
- Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq: 6,4%
- Turizm və ictimai iaşə: 2,8%
- İnformasiya və kommunikasiya: 1,9%
- Digər sahələr: 21,1%
Məhsula və idxala düşən xalis vergilər ÜDM-in 9,5%-ni təşkil edib.
Hesabat dövründə adambaşına düşən ÜDM 11 356,4 manat olub.
Fuad Mədətov
Finss.az
