BANK

08 Yanvar

Milli Depozit Mərkəzinin Müşahidə Şurasına və İdarə Heyətinə yeni sədr təyinatları olub

Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasının 07 yanvar 2026-cı il tarixli qərarlarına əsasən MDM-in Müşahidə Şurasında yeni təyinatlar həyata keçirilib.

Finss.az MDM-ə istinadən xəbər verir ki, qərara əsasən, Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasının 07 yanvar 2026-cı il tarixli qərarına əsasən, Əlizadə Elçin Ağaməmməd oğlu MDM-in İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

Elçin Əlizadə 1986-cı il iyulun 30-da Bakı şəhərində anadan olub, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2009-cu ildə isə magistr dərəcəsini əldə edib. Əmək fəaliyyətinə 2007-ci ildə PAŞA Bank ASC-də başlayıb, 2009–2019-cu illərdə Ernst Young Azərbaycan şirkətində müxtəlif vəzifələrdə çalışıb. 2020-ci ildən PAŞA Bank ASC-də Maliyyə Menecmenti Departamentinin direktoru, 2022-ci ildən isə Azərbaycan Mərkəzi Bankında Daxili Audit Departamentinin direktoru vəzifəsində fəaliyyət göstərib. Elçin Əlizadə 2023-cü ilin martından 2026-cı ilin yanvarına qədər MDM-in Müşahidə Şurasının sədri olub.

Eyni qərara əsasən, İbrahimova Umeyra Fərhad qızı MDM-in Müşahidə Şurasının sədri vəzifəsinə təyin olunub. U. İbrahimova 1987-ci il aprelin 7-də Bakı şəhərində anadan olub, 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr, 2010-cu ildə isə Macarıstanın Mərkəzi Avropa Universitetində magistr dərəcəsi alıb. Əmək fəaliyyətinə 2011-ci ildə PAŞA Bank ASC-də başlayıb, 2013–2022-ci illərdə müxtəlif vəzifələrdə çalışmış, 2022-ci ilin sentyabrında Azərbaycan Mərkəzi Bankında Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamentinin direktoru vəzifəsinə təyin olunub.

Həmin tarixdə, Ağahüseyn Kamal oğlu Xudaverdiyev MDM-in Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. A. Xudaverdiyev 1976-cı il fevralın 21-də Bakı şəhərində anadan olub, 2004-cü ildə Dövlət İdarəçilik Akademiyasını fərqlənmə diplomu ilə bitirib, 1999-cu ildən dövlət və maliyyə idarəetmə sahəsində fəaliyyət göstərib. O, 2016-cı ildə dövlət qulluğunun müşaviri ixtisas dərəcəsi alıb, Prezident tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Fuad Mədətov
Finss.az