BANK

07 Yanvar

Azərbaycanda iqtisadiyyata kredit qoyuluşu 31,451 milyard manata çatıb

2025-ci ilin dekabrın 1-nə Azərbaycanda iqtisadiyyata ümumi kredit qoyuluşu, həm banklar, həm də qeyri-bank kredit təşkilatları daxil olmaqla, 31,451 milyard manat səviyyəsində olub.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, noyabr ayı ilə müqayisədə kredit qoyuluşu 281,7 milyon manat və ya 0,9% artıb, ötən ilin dekabrın 1-i ilə müqayisədə isə 2,4 milyard manat və ya 8,2% çoxalıb.

Hesabat dövründə dövlət banklarının verdiyi kreditlərin həcmi 7,635 milyard manat təşkil edib. Bu, aylıq müqayisədə 1% və ya 73,7 milyon manat, illik müqayisədə isə 8% və ya 563,2 milyon manat artım deməkdir. Özəl bankların payına düşən kreditlər 22,050 milyard manat olub ki, bu da noyabrın 1-i ilə müqayisədə 0,9% və ya 207,9 milyon manat, illik müqayisədə isə 8,6% və ya 1,7 milyard manat çoxdur.

Eyni zamanda, qeyri-bank kredit təşkilatları tərəfindən verilən kreditlərin həcmi 1,765 milyard manat olub, aylıq müqayisədə dəyişməyib, illik müqayisədə isə 3,9% və ya 66,9 milyon manat artıb.

Beləliklə, dekabrın 1-nə iqtisadiyyata qoyulan kreditlərin 24,3%-i dövlət banklarının, 70,1%-i özəl bankların, 5,6%-i isə qeyri-bank kredit təşkilatlarının payına düşüb.

Fuad Mədətov
Finss.az