BANK

06 Yanvar

Azərbaycanda iri sahibkarlığa verilən kreditlər artıb

2025-ci ilin dekabrın 1-nə Azərbaycanda iri sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 8,364 milyard manata bərabər olub.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici əvvəlki ayla müqayisədə artım nümayiş etdirib. Belə ki, noyabrın 1-i ilə müqayisədə iri sahibkarlıq subyektlərinə yönəldilən kreditlərin həcmi 78,3 milyon manat və ya 0,9% yüksəlib.

İllik müqayisədə də müsbət dinamika qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə iri sahibkarlara verilən kreditlər 72,9 milyon manat və ya 0,9% artıb. Məlumata əsasən, 2025-ci ilin noyabrın 1-nə bu kateqoriya üzrə kreditlərin həcmi 8,285 milyard manat, 2024-cü ilin dekabrın 1-nə isə 8,291 milyard manat təşkil edib.

Qeyd edək ki, 2025-ci ilin dekabrın 1-nə Azərbaycanda bankların ümumi kredit portfeli aylıq müqayisədə 281,7 milyon manat və ya 1% artaraq 29,685 milyard manata çatıb. Kredit portfelinin strukturunda biznes kreditləri 53,2% (15,805 milyard manat) ilə üstünlük təşkil edib. Bununla yanaşı, istehlak kreditlərinin payı 31,4% (9,319 milyard manat), ipoteka kreditlərinin payı isə 15,4% (4,562 milyard manat) olub.

Fuad Mədətov
Finss.az