Bu ilin noyabr ayının sonuna banklar və “Azərpoçt” MMC sistemləri üzrə dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki ayla müqayisədə 134 min ədəd artaraq 21 milyon 835 min ədədə çatıb.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12,2% çoxdur.
Məlumata görə, ödəniş kartlarının strukturunda debet kartlarının sayı 14,7% artıb, kredit kartlarının sayı isə 6,7% azalıb.
AMB qeyd edir ki, ödəniş kartlarının sayının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, noyabr ayında ölkədaxili nağdsız əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,4% artıb.
2025-ci ilin noyabr ayında kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin ümumi həcmi 7 milyard 940 milyon manat təşkil edib. Bu məbləğin:
- 6 milyard 948 milyon manatı elektron ticarətin,
- 990 milyon manatı POS-terminalların,
- 2 milyon manatı isə özünəxidmət terminalları və bankomatların payına düşüb.
Bildirilib ki, ilin əvvəlindən ödəniş kartları ilə aparılan nağdsız ölkədaxili əməliyyatlar bütün ölkədaxili kart əməliyyatlarının 67,5%-ni təşkil edib.
Fuad Mədətov
Finss.az
