BANK

26 Dekabr

Azərbaycan Mərkəzi Bankı beynəlxalq tədqiqat nəticələrini Cenevrədə təqdim edib

Azərbaycan Respublikası Mərkəzi Bankının İsveçrənin İqtisadi Əlaqələr üzrə Dövlət Katibliyi (SECO) və Cenevrə Ali İnstitutunun İkitərəfli Yardım və Mərkəzi Bankların Potensialının Gücləndirilməsi (BCC) birgə proqramı çərçivəsində tədqiqat layihəsi həyata keçirilir.

Finss.az AMB-nin məlumatına əəsasən xəbər verir ki, tədqiqat layihəsi “Təminatsız banklararası bazarda faiz dərəcələrinin ehtiyatların saxlanma dövrü ərzində likvidlik şəraitinə həssaslığı” mövzusuna həsr olunub. Proqram çərçivəsində elmi tədqiqat işinin müəlliflərindən olan Mərkəzi Bankın baş direktoru Vüqar Əhmədov, Tədqiqatlar departamentinin əməkdaşları Aygün Qarayeva , Elmir Muxtarov və Əli Hacılı cari ildə 3 ay ərzində xarici ekspertlə birgə çalışıb. Proqramın yekun mərhələsi olaraq Mərkəzi Bankın Tədqiqatlar departamentinin əməkdaşı Elmir Muxtarov tədqiqatın əsas nəticələri barədə Cenevrə Ali İnstitutunda beynəlxalq auditoriya qarşısında təqdimatla çıxış edib. O, tədqiqatın metodologiyası, empirik nəticələri və praktik əhəmiyyətini iştirakçılarla bölüşüb, bu məsələlər ətrafında elmi müzakirələr aparıb. Tədqiqat işinin 2026-cı ilin yanvar ayının sonunadək yekunlaşdırılması və proqramın müvafiq platformasında işçi məqalələr silsiləsində yayımlanması nəzərdə tutulur.

Qeyd edək ki, BCC proqramı çərçivəsində həyata keçirilən əməkdaşlıq 2014-cü ildən başlayıb və uğurla davam etməkdədir. Mərkəzi Bank əməkdaşlarının müxtəlif illərdə həyata keçirdiyi tədqiqat işləri proqramın müvafiq platformasında işçi məqalə kimi yerləşdirilib və beynəlxalq elmi ictimaiyyət üçün əlçatandır (//bccprogramme.org/research/). Sözügedən proqram tədqiqatçıların beynəlxalq ekspertlərlə birbaşa əməkdaşlığını, tədqiqat potensialının gücləndirilməsini və tədqiqat nəticələrinin beynəlxalq platformalarda paylaşılmasını hədəfləməklə Mərkəzi Bankın beynəlxalq nüfuzu üçün vacib əhəmiyyət daşıyır.

Mərkəzi Bankda tədqiqat potensialının gücləndirilməsinə, tədqiqat işlərinin beynəlxalq səviyyədə tanınmasına xüsusi önəm verilir. Bu istiqamətdə həyata keçirilən layihələrin gələcək illərdə də aktiv şəkildə davam etdirilməsi planlaşdırılır.

Məlumat üçün bildirək ki, BCC proqramı çərçivəsində son illərdə dərc olunmuş bir neçə işçi məqalə ilə aşağıdakı linklərdən tanış olmaq mümkündür:
//bccprogramme.org/wp-content/uploads/2025/08/HEIDWP12-2025-Bakhshaliyev-Ahmadov.pdf
//bccprogramme.org/wp-content/uploads/2022/10/Huseynov_Valirzayev_Ramazanova-HEIDWP23-2022.pdf