BANK

25 Dekabr

Xarici mənşəli xərc amilləri inflyasiyanın artımına mühüm təsir göstərib - AMB

2025-ci ildə sabit və aşağı inflyasiya Mərkəzi Bankın pul siyasətinin əsas məqsədi olub. Pul siyasəti monetar şərait vasitəsilə təsir göstərərək inflyasiyanın hədəf diapazonunda qalmasına mühüm dəstək verib.

Finss.az xəbər verir ki, bu barədə “Azərbaycan” qəzetində dərc olunan “Azərbaycan Respublikası Mərkəzi Bankının 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatı”nda məlumat verilib.

2025-ci ilin noyabrında illik inflyasiya 5.5% səviyyəsində qeydə alınıb. Ətraflı olaraq:

  • Qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları: illik 7.1%
  • Qeyri-qida məhsulları: 2.5%
  • Ödənişli xidmətlər: 5.7%

Tənzimlənən qiymətlərin və kənd təsərrüfatı məhsullarının mövsümi xarakter daşıyan qiymət dəyişimi nəzərə alınmadan hesablanan baza inflyasiya noyabrda 4.8% təşkil edib.

AMB bildirir ki, inflyasiyaya həm təklif, həm də tələb amilləri təsir edib. Xarici mənşəli xərc amilləri xüsusilə önəmli olub. Noyabr ayında ticarət tərəfdaşlarındakı inflyasiya inflyasiyanı 2.87 faiz bəndi, nominal effektiv məzənnə isə 0.38 faiz bəndi artırıb. Dövr ərzində daxili təklif (kənd təsərrüfatı istehsalçı qiymətləri və s.) və tələb (ev təsərrüfatlarının istehlakı, dövlət istehlakı və s.) amilləri də inflyasiyanı artırıcı təsir göstərib.

Fuad Mədətov
Finss.az