Cari ilin aprel ayından başlayaraq Maliyyə Nazirliyi tərəfindən vahid xəzinə hesabı qalığı kommersiya banklarında depozit şəklində yerləşdirilib. Bu addım bank sektorunda likvidliyin avtonom amillər hesabına artmasına səbəb olub.
Finss.az xəbər verir ki, bu barədə “Azərbaycan” qəzetində dərc olunan “Azərbaycan Respublikası Mərkəzi Bankının 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatı”nda məlumat verilib.
Bildirilib ki, bu şəraitdə AZIR indeksini uçot dərəcəsinə yaxın idarə etmək məqsədilə 7 günlük depozit əməliyyatı başlıca açıq bazar əməliyyatı kimi istifadə olunub. 30 noyabr 2025-ci il tarixinə açıq bazar əməliyyatları üzrə sterilizasiya portfelinin tərkibində 7 günlük depozit portfelinin payı 87% təşkil edib.
Mərkəzi Bankın açıqlamasında qeyd olunub ki, bu yanaşma banklararası bazarda faizlərin sabitliyini təmin etmək, pul bazarının effektiv fəaliyyətinə dəstək vermək və AZIR indeksinin uçot dərəcəsinə yaxın hərəkətini qorumaq baxımından vacibdir.
Fuad Mədətov
Finss.az
