BANK

25 Dekabr

Azərbaycan bankları 11 ayda “Bloomberg” platformasında 62 milyard manata yaxın əqd bağlayıb

Bu ilin yanvar–noyabr aylarında Azərbaycanda banklararası bazarın həm təminatsız, həm də təminatlı sektorunda aktivlik yüksək səviyyədə qalmaqda davam edib.

Finss.az xəbər verir ki, bu barədə “Azərbaycan” qəzetində dərc olunan “Azərbaycan Respublikası Mərkəzi Bankının 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatı”nda məlumat verilib.

Bildirilib ki, 11 ay ərzində “Bloomberg” platformasında banklar arasında milli valyutada ümumilikdə 61,8 milyard manat məbləğində 3 482 banklararası əqd bağlanıb. Bu göstərici bank sektorunda likvidliyin və bazar iştirakçılarının aktivliyinin yüksək olduğunu əks etdirir.

Eyni dövrdə banklararası repo bazarında da əhəmiyyətli dövriyyə qeydə alınıb. Belə ki, təminatlı sektor üzrə 3,0 milyard manat həcmində 287 repo əməliyyatı həyata keçirilib.

Mərkəzi Bankın açıqlamasında vurğulanıb ki, banklararası bazarda bu cür aktivlik pul siyasəti alətlərinin effektiv tətbiqi, eləcə də maliyyə sistemində sabitliyin və likvidlik balansının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Fuad Mədətov
Finss.az