BANK

25 Dekabr

Uçot dərəcəsi ilə AZIR arasındakı fərq minimum səviyyəyə enib - AMB

Son aylarda Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) uçot dərəcəsi ilə pul siyasətinin yardımçı əməliyyat hədəfi olan təminatsız pul bazarında 1 günlük əməliyyatlar üzrə orta faiz dərəcəsi – AZIR indeksi arasındakı fərq minimum səviyyəyə enib.

Finss.az xəbər verir ki, bu barədə “Azərbaycan” qəzetində dərc olunan “Azərbaycan Respublikası Mərkəzi Bankının 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatı”nda məlumat verilib.

Məlumata əsasən, AZIR indeksinin orta gündəlik səviyyəsi oktyabr ayında 6,89%, noyabrda 6,91%, dekabr ayının ötən dövründə isə 6,84% təşkil edib. Bu göstəricilər pul bazarında faizlərin sabit və proqnozlaşdırılan trayektoriya üzrə hərəkət etdiyini göstərir.

Hesabat dövründə uçot faiz dərəcəsi ilə AZIR indeksi arasındakı standart kənarlaşma 11 ay üzrə 0,29 faiz bəndi, son 3 ayda isə cəmi 0,04 faiz bəndi olub. AMB qeyd edib ki, bu göstəricilər beynəlxalq təcrübə baxımından məqbul səviyyə hesab olunur və pul siyasətinin effektivliyini əks etdirir.

Eyni zamanda, uçot dərəcəsinin AZIR mexanizmi vasitəsilə digər faiz dərəcələrinə ötürücülüyü də müşahidə edilib. Belə ki, iyul ayında uçot dərəcəsinin azaldılması qiymətli kağızlar bazarında gəlirliliyin, eləcə də yeni depozit və kredit faizlərinin azalması ilə müşayiət olunub.

Mərkəzi Bank vurğulayıb ki, bu dinamika pul siyasəti alətlərinin real iqtisadiyyata təsirinin gücləndiyini, maliyyə bazarlarında isə faiz mexanizminin daha effektiv işlədiyini göstərir.

Fuad Mədətov
Finss.az