BANK

25 Dekabr

Mərkəzi Bank 2026-cı il üçün pul siyasətinin əsas istiqamətlərini AÇIQLANIB

2026-cı ildə Mərkəzi Bankın pul siyasəti “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda müəyyən edilmiş makroiqtisadi sabitlik və dayanıqlılıq prioritetlərinin reallaşmasına yönəldiləcəkdir. Əsas məqsəd inflyasiyanın hədəf daxilində saxlanılması olacaq. Pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi istiqamətində də islahatlar davam etdiriləcək.

Finss.az xəbər verir ki, bu barədə "Azərbaycan" qəzetində dərc edilən "Azərbaycan Respublikası Mərkəzi Bankının 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatı"nda bildirilib.

Qeyd edilib ki, pul siyasətinin hədəfi növbəti ildə də illik inflyasiyanı 4±2% səviyyəsində saxlamaqdan ibarət olacaq. Əvvəlki illərdə olduğu kimi, növbəti ildə də hədəf göstəricisi Dövlət Statistika Komitəsi tərəfindən hesablanan istehlak qiymətləri indeksinin son 12 ayda dəyişimi olacaq.

İnflyasiyanın hədəf daxilində idarə edilməsi davamlı iqtisadi artımın vacib şərtlərindən biridir. Bu ev təsərrüfatlarının, həmçinin şirkətlərin gəlir və əmanətlərinin qorunması üçün vacibdir. Sabit və aşağı inflyasiya milli valyutaya inamı və onun alıcılıq qabiliyyətini artırır, bununla da iqtisadiyyatda xarici valyuta ilə ifadə olunmuş aktiv və öhdəliklərin payını azaltmağa kömək edir. Bütün bunlar iqtisadiyyatın xarici mühitdəki dəyişikliklərə davamlılığını artırır.

Mərkəzi Bankın son (oktyabr 2025) proqnozlarına görə, 2026-cı ildə illik inflyasiyanın 5.7% olacağı gözlənilir ki, bu da hədəf diapazonu daxilindədir. Hökumətin, beynəlxalq maliyyə-kredit təşkilatlarının və beynəlxalq reytinq agentliklərinin proqnozları da inflyasiyanın növbəti ildə əsasən bu diapazonda qalacağını göstərir.

Mərkəzi Bank 2026-cı ildə də inflyasiya amillərinin hərtərəfli təhlili əsasında özünün inflyasiya proqnozlarını hər rüb yeniləyəcəkdir. Eyni zamanda əhali və müəssisələr arasında keçirilən sorğular əsasında ev təsərrüfatlarının və biznes subyektlərinin inflyasiya gözləntilərinin qiymətləndirilməsi davam etdiriləcəkdir.

Mərkəzi Bank növbəti ildə də pul siyasətinə dair qərarlar verərkən ölkə iqtisadiyyatına və inflyasiyaya təsir göstərə biləcək daxili və xarici amilləri, habelə riskləri hərtərəfli qiymətləndirəcəkdir. Ümumilikdə, son illərdə inflyasiyanın risk balansında xarici amillərin payı əhəmiyyətli artmışdır. Ortamüddətli dövrdə bu amillərin payının yüksək olaraq qalacağı gözlənilir. Geosiyasi gərginliklər və qlobal ticarət mühitindəki qeyri-sabitlik əmtəə və maliyyə bazarları ilə bağlı qeyri-müəyyənlikləri hələ də yüksək səviyyədə saxlayır. Əsas xarici risk idxal qiymətlərinin daxili inflyasiyaya ötürülməsi ilə bağlıdır. Bu risk ticarət tərəfdaşlarında inflyasiya prosesləri və nominal effektiv məzənnənin dinamikasından asılı olacaqdır. Daxili risk faktorları isə əsasən təklif – xərc amilləri hesabına formalaşmaqdadır. Ortamüddətli dövr üzrə konservativ makrofiskal çərçivə və kredit qoyuluşları üzrə gözlənilən artım templəri məcmu tələbin izafi artımı riskini azaldır.

Mərkəzi Bank daxili və xarici qeyri-müəyyənlikləri nəzərə alaraq makroiqtisadi proqnozları baza ssenari ilə yanaşı, alternativ ssenarilər üzrə hazırlanması təcrübəsini davam etdirəcəkdir. Bu da inflyasiya risklərinin reallaşdığı təqdirdə çevik siyasət reaksiyasını təmin edəcəkdir.

Növbəti ildə pul siyasəti mövcud rejim çərçivəsində həyata keçiriləcəkdir. Məzənnə sabitliyi qiymət sabitliyinin başlıca lövbəri kimi çıxış edəcəkdir. Proqnozlara görə növbəti ildə tədiyə balansının cari əməliyyatlar hesabının profisitli olması valyuta bazarında tarazlığı dəstəkləyəcəkdir. Baza ssenari üzrə proqnozlara görə, 2026-cı ildə cari əməliyyatlar hesabının profisiti 3 mlrd. ABŞ dolları səviyyəsində olmaqla ÜDM-in 3.7%-i səviyyəsində gözlənilir. Mərkəzi Bank növbəti ildə də özünün valyuta ehtiyatlarının kifayətlilik meyarlarına uyğun saxlanılmasını və onun idarə edilməsinin təkmilləşdirilməsini diqqətdə saxlayacaqdır.

Pul siyasəti alətlərinin tətbiqi zamanı maliyyə bazarlarında baş verən proseslər və bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınacaqdır. Alətlərin istifadəsi pul siyasətindən kənar amillərin monetar şəraitə təsirlərinin neytrallaşdırılmasına xidmət edəcəkdir.

Mərkəzi Bankda təhlil və proqnozlaşdırma potensialının artırılması 2026-cı ildə də diqqətdə saxlanılacaqdır.

Proqnozlaşdırma və siyasət təhlili sistemi çərçivəsində model aparatı qabaqcıl beynəlxalq təcrübələr əsasında mütəmadi təkmilləşdiriləcək, tədqiqatların əhatə dairəsi və analitik dərinliyi artırılacaqdır. Pul siyasəti qərarlarının qəbulunda nəzəri əsaslara söykənən və ekonometrik baxımdan adekvat model nəticələrindən istifadə artırılacaqdır. Böyük verilənlərin daha səmərəli təhlili, maşın öyrənməsi yanaşmalarının tətbiqinin genişləndirilməsi Mərkəzi Bankın prioritet istiqamətlərindən biri olacaqdır.

İqtisadi subyektlərin gözləntilərinə və davranışlarına təsir etmək üçün pul siyasətinin effektiv kommunikasiyası növbəti ildə də diqqət mərkəzində olacaqdır. Kommunikasiya fəaliyyətləri makroiqtisadi sabitliyin gücləndirilməsinə, hesabatlılığın artırılmasına, pul siyasətinin ictimaiyyət tərəfindən daha yaxşı anlaşılmasına, Mərkəzi Banka inamın möhkəmləndirilməsinə və şəffaflığın təmin edilməsinə xidmət edəcəkdir. Kommunikasiyada başlıca hədəf qrupları maliyyə bazarı iştirakçıları, media, akademik dairələr, iqtisadçı ekspertlər, sahibkarlar, hökumət və geniş ictimaiyyət olacaqdır. 2026-cı ildə öncədən ictimaiyyətə açıqlanmış qrafikə uyğun olaraq Mərkəzi Bankın siyasət qərarlarına dair press-relizləri dərc ediləcək və müntəzəm mətbuat konfransları keçiriləcəkdir. Rüblük əsasda analitik icmalların açıqlanması davam etdiriləcəkdir. İctimaiyyətin məlumatlılığının və maliyyə savadlılığının artırılması istiqamətində sosial media platformalarında pul siyasətinin işləmə mexanizmini və tətbiq olunan alətləri izah edən qısa açıqlamalar paylaşılacaqdır.

Mərkəzi Bank makroiqtisadi proqnozlarını və faiz dərəcələri üzrə qərarlarını formalaşdırarkən planlaşdırılan fiskal siyasət parametrlərini nəzərə alacaqdır. İqtisadi Şura qarşıdakı ildə də təşkilatlararası makroiqtisadi koordinasiyanın təmin edilməsində əsas və vacib rol oynayacaqdır.

Pul siyasətinin Mərkəzi Bankın digər fəaliyyət istiqamətləri, xüsusən makroprudensial siyasətlə uzlaşdırılması davam etdiriləcəkdir. Bu uzlaşdırma qurumun daxili kollegial orqanları, o cümlədən Pul Siyasəti və Maliyyə Sabitliyi Komitəsi vasitəsilə həyata keçiriləcəkdir. Ölkədə maliyyə dərinliyinin artırılması, maliyyə sabitliyinin qorunması, nağdsız ödənişlərin genişləndirilməsi növbəti ildə də pul siyasətinin effektivliyinə və maliyyə sisteminin dayanıqlılığına müsbət təsir edən amillər olacaqdır.

İqlim dəyişikliklərinin makroiqtisadi təsirləri və "yaşıl maliyyə təşəbbüsləri"nin dəstəklənməsi məsələləri diqqətdə saxlanılacaqdır. İqlim dəyişikliklərinin inflyasiya dinamikasına, iqtisadi artıma və maliyyə sektoruna birbaşa və dolayı təsirləri üzrə qiymətləndirmələr davam etdiriləcəkdir.

Mərkəzi Bankın rəqəmsal valyutasının tətbiqi üzrə siyasət məqsədlərinin müəyyən edilməsi və müvafiq yol xəritəsinin hazırlanması üzərində işlər davam etdiriləcəkdir. Bu işlərə prioritet istifadə istiqamətlərinin müəyyənləşdirilməsi, potensial risk və faydaların qiymətləndirilməsi, eləcə də maliyyə sektoru üzrə daha geniş strategiyaya uyğunlaşdırılmış mərhələli tətbiq planının hazırlanması daxildir.