BANK

24 Dekabr

Gürcüstandan Azərbaycana birbaşa xarici investisiyalar artıb

2025-ci ilin yanvar-sentyabr aylarında Gürcüstandan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 74,412 milyon ABŞ dolları təşkil edib.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə və ya 43,4 milyon dollar artım göstərib. Hesabat dövründə Azərbaycana gələn birbaşa xarici investisiyaların ümumi həcminin 1,6%-i Gürcüstandan daxil olub.

Öz növbəsində, Azərbaycan həmin dövrdə Gürcüstan iqtisadiyyatına 111,318 milyon dollar sərmayə yatırıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16,3% azalma deməkdir. Bu sərmayələrin ümumi həcmdə xüsusi çəkisi 5,5% təşkil edib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Gürcüstandan Azərbaycana birbaşa xarici investisiyalar 31,047 milyon dollar, Azərbaycandan isə Gürcüstana yatırılan sərmayələr 95,750 milyon dollar təşkil etmişdi.

Bütün ölkələr üzrə hesablandıqda, 2025-ci ilin ilk 9 ayında Azərbaycan iqtisadiyyatına yönələn birbaşa xarici investisiyalar 4,736 milyard ABŞ dollarını ötüb, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,7% artım deməkdir. Eyni zamanda, Azərbaycandan xarici ölkələrə yönələn birbaşa investisiyaların həcmi 2,039 milyard dollar olub ki, bu da 2024-cü ilin ilk 9 ayı ilə müqayisədə 47,7% artım göstərir.

Fuad Mədətov
Finss.az