2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan Gürcüstana fiziki şəxslərin pul köçürmələrinin həcmi 19,780 milyon ABŞ dolları təşkil edib.
Finss.az Azərbaycan Mərkəzi Bankın məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 16,3 milyon dollar və ya 45,2% azalma göstərib. Hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrində Gürcüstanın payı 5,5% təşkil edib. Beləliklə, Gürcüstan Azərbaycandan ən çox pul köçürülən ölkələr siyahısında 5-ci pillədə qərarlaşıb.
Eyni zamanda, 2025-ci ilin ilk 9 ayında Gürcüstandan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 30,481 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin analoji dövrü ilə müqayisədə 3,9 milyon dollar və ya 14,7% artım deməkdir. Hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində Gürcüstanın payı 3,6% təşkil edib.
2024-cü ilin ilk 9 ayında Azərbaycandan Gürcüstana pul köçürmələri 36,082 milyon dollar, əks istiqamətdə isə 26,574 milyon dollar təşkil etmişdi.
Ümumilikdə, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin pul köçürmələrinin həcmi 361,357 milyon ABŞ dolları olub ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 46,925 milyon dollar və ya 11,5% azalma deməkdir. Eyni zamanda, xarici ölkələrdən Azərbaycana köçürmələrin həcmi 849,910 milyon dollar təşkil edib ki, bu da 2024-cü ilin yanvar-sentyabr göstəricisinə nisbətən 0,2% artım deməkdir.
Fuad Mədətov
Finss.az
