2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan Türkiyəyə fiziki şəxslərin pul köçürmələrinin həcmi 104,476 milyon ABŞ dolları təşkil edib.
Finss.az Azərbaycan Mərkəzi Bankın məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13,6 milyon dollar və ya 11,5% azdır. Hesabat dövründə Türkiyənin Azərbaycandan xaricə ümumi pul köçürmələrində payı 28,9% təşkil edib və beləliklə, Türkiyə Azərbaycandan ən çox pul köçürülən ölkələr siyahısında ilk pillədə qərarlaşıb.
Eyni dövrdə Türkiyədən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 140,298 milyon dollar olub. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 10 milyon dollar və ya 7,6% artım deməkdir. Xaricdən Azərbaycana ümumi pul köçürmələrində Türkiyənin payı 16,5% təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan xarici ölkələrə ümumi pul köçürmələri 361,357 milyon dollar olub ki, bu göstərici ötən ilə nisbətən 46,925 milyon dollar və ya 11,5% azalma deməkdir. Eyni zamanda, xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 849,910 milyon dollar təşkil edib və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,404 milyon dollar və ya 0,2% artım deməkdir.
Fuad Mədətov
Finss.az
