BANK

23 Dekabr

Qazaxıstanın Azərbaycana birbaşa investisiyalarının həcmi artıb

2025-ci ilin yanvar–sentyabr aylarında Qazaxıstandan Azərbaycana yönəldilən birbaşa xarici investisiyaların həcmi 17,193 milyon ABŞ dolları təşkil edib.

Finss.az Azərbaycan Mərkəzi Bankın məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7,934 milyon ABŞ dolları və ya 1,9 dəfə çoxdur.

Hesabat dövründə Qazaxıstandan daxil olan sərmayələrin Azərbaycana yönəldilən birbaşa xarici investisiyaların ümumi həcmində payı 0,4% olub.

Azərbaycan isə cari ilin ilk 9 ayı ərzində Qazaxıstan iqtisadiyyatına 7,310 milyon ABŞ dolları məbləğində birbaşa investisiya yatırıb. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 965 min ABŞ dolları və ya 11,7% azdır.

Birbaşa xarici investisiyaların ümumi həcmində Qazaxıstana yönəldilən Azərbaycan investisiyalarının xüsusi çəkisi də 0,4% təşkil edib.

Xatırladaq ki, 2024-cü ilin ilk 9 ayı ərzində Qazaxıstandan Azərbaycana yönəldilən birbaşa xarici investisiyaların həcmi 2,207 milyon ABŞ dolları, Azərbaycandan Qazaxıstana yatırılan investisiyalar isə 8,275 milyon ABŞ dolları olmuşdu.

Ümumilikdə, 2025-ci ilin ilk 9 ayında Azərbaycan iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiyaların həcmi 4,736 milyard ABŞ dollarından çox olub. Bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 213,485 milyon ABŞ dolları və ya 4,7% artım deməkdir.

Eyni zamanda, hesabat dövründə Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi 2,039 milyard ABŞ dolları təşkil edib ki, bu da ötən ilin ilk 9 ayı ilə müqayisədə 658,090 milyon ABŞ dolları və ya 47,7% çoxdur.

Fuad Mədətov
Finss.az