2025-ci ilin yanvar-sentyabr aylarında Çindən Azərbaycana birbaşa xarici investisiyaların həcmi 19,070 milyon ABŞ dolları təşkil edib.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,711 milyon dollar və ya 67,9% çoxdur. Hesabat dövründə Çindən gələn investisiyaların ümumi birbaşa xarici investisiyalar içindəki payı 0,4% olub.
Azərbaycan isə eyni dövrdə Çin iqtisadiyyatına 9,820 milyon dollar sərmayə yatırıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,162 milyon dollar və ya 3,7 dəfə artım deməkdir. Bu sərmayələrin ümumi birbaşa xarici investisiyalar içindəki payı 0,5% təşkil edib.
Qeyd etmək lazımdır ki, 2024-cü ilin ilk 9 ayında Çindən Azərbaycana birbaşa xarici investisiyaların həcmi 11,359 milyon dollar, Azərbaycandan isə bu ölkəyə yatırılan investisiyaların həcmi 2,658 milyon dollar olmuşdur.
2025-ci ilin ilk 9 ayında Azərbaycan iqtisadiyyatına yönələn birbaşa xarici investisiyaların ümumi həcmi 4,736 milyard ABŞ dollarını ötüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 213,485 milyon dollar və ya 4,7% artım deməkdir. Eyni zamanda, Azərbaycandan xarici ölkələrə yönələn birbaşa xarici investisiyaların həcmi 2,039 milyard ABŞ dolları olub və bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 658,090 milyon dollar və ya 47,7% artım göstərib.
Bu rəqəmlər Çin-Azərbaycan iqtisadi əməkdaşlığı, sərmayə qoyuluşları və birbaşa xarici investisiyaların həcmi barədə əhəmiyyətli göstəricilər təqdim edir.
Fuad Mədətov
Finss.az
