2025-ci ilin yanvar-sentyabr aylarında ABŞ-dən Azərbaycana birbaşa xarici investisiyaların həcmi 133,240 milyon dollar təşkil edib.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 31,082 milyon dollar və ya 30,4% çoxdur. Hesabat dövründə ABŞ-dən gələn investisiyaların ümumi birbaşa xarici investisiyalar içindəki payı 2,8% olub.
Azərbaycan isə eyni dövrdə ABŞ iqtisadiyyatına 117,398 milyon dollar sərmayə yatırıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 71,112 milyon dollar və ya 2,5 dəfə artım deməkdir. Bu sərmayələrin ümumi birbaşa xarici investisiyalar içindəki xüsusi çəkisi 5,8% təşkil edib.
Qeyd etmək lazımdır ki, 2024-cü ilin ilk 9 ayında ABŞ-dən Azərbaycana birbaşa xarici investisiyaların həcmi 102,158 milyon dollar, Azərbaycandan isə bu ölkəyə yatırılan investisiyaların həcmi 46,286 milyon dollar olmuşdur.
2025-ci ilin ilk 9 ayında Azərbaycan iqtisadiyyatına yönələn birbaşa xarici investisiyaların ümumi həcmi 4,736 milyard dolları ötüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 213,485 milyon dollar və ya 4,7% artım deməkdir. Eyni zamanda, hesabat dövründə Azərbaycandan xarici ölkələrə yönələn birbaşa xarici investisiyaların həcmi 2,039 milyard dollar olub və bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 658,090 milyon dollar və ya 47,7% artım göstərib.
Fuad Mədətov
Finss.az
