BANK

19 Dekabr

Azərbaycandan ABŞ-yə və əks istiqamətdə pul köçürmələri artıb

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan ABŞ-a pul köçürmələrinin həcmi 55,706 milyon dollar olub.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,715 milyon dollar və ya 23,8% artım göstərib. Hesabat dövründə ABŞ-a göndərilən xarici köçürmələrin ümumi miqdardakı payı 15,4% təşkil edib.

Eyni zamanda, ABŞ-dan Azərbaycana fiziki şəxslərin pul köçürmələri 74,134 milyon dollar olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,153 milyon dollar və ya 54,5% artım deməkdir. Xaricdən Azərbaycana ümumi pul köçürmələrində ABŞ-nin payı 8,7% təşkil edib.

Qeyd etmək lazımdır ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycandan ABŞ-a köçürmələr 44,991 milyon, əks istiqamətdə isə 47,981 milyon dollar səviyyəsində olub.

2025-ci ilin ilk 9 ayında Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin ümumi pul köçürmələrinin həcmi 361,357 milyon dollar təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 46,925 milyon dollar və ya 11,5% azalma deməkdir. Eyni zamanda, xarici ölkələrdən Azərbaycana köçürmələr 849,910 milyon dollar təşkil edib və bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,2% artıb.

Fuad Mədətov
Finss.az