BANK

18 Dekabr

Rusiyanın Azərbaycana birbaşa sərmayəsi təxminən 2 dəfəyə yaxın artıb

2025-ci ilin yanvar-sentyabr ayları ərzində Rusiya Federasiyasından Azərbaycana birbaşa xarici investisiyaların həcmi 181,208 milyon ABŞ dolları təşkil edib.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 83,316 milyon dollar və ya 1,8 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Rusiyadan daxil olan sərmayələrin payı 3,8% təşkil edib.

Azərbaycan isə cari ilin ilk 9 ayında Rusiya iqtisadiyyatına 38,923 milyon dollar sərmayə qoyub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,563 milyon dollar və ya 42,3% artım deməkdir. Birbaşa xarici investisiyaların ümumi həcmində Rusiyaya yatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 1,9% təşkil edib.

2024-cü ilin ilk 9 ayında Rusiyadan Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmi 97,892 milyon dollar, Azərbaycandan isə bu ölkəyə yatırımların həcmi 27,360 milyon dollar olmuşdu.

Qeyd edək ki, 2025-ci ilin ilk 9 ayında Azərbaycana daxil olan birbaşa xarici investisiyaların ümumi həcmi 4,736 milyard ABŞ dolları olub. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 213,485 milyon dollar və ya 4,7% artım deməkdir.

Eyni zamanda, hesabat dövründə Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi 2,039 milyard ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin ilk 9 ayındakı göstərici ilə müqayisədə 658,090 milyon dollar və ya 47,7% artım deməkdir.

Fuad Mədətov
Finss.az