2025-ci ilin ilk 9 ayı ərzində Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən Azərbaycana birbaşa xarici investisiyaların həcmi 5,545 milyon ABŞ dolları təşkil edib.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11,975 milyon dollar və ya 3,6 dəfə azalma deməkdir.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin yanvar–sentyabr aylarında IFC-in Azərbaycana birbaşa xarici investisiyaları 16,520 milyon ABŞ dolları olub. Hesabat dövründə Azərbaycana yönələn birbaşa xarici investisiyaların ümumi həcmində IFC-dən olan vəsaitlərin payı 0,1% təşkil edib.
Ümumilikdə, 2025-ci ilin ilk 9 ayında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 4,736 milyard ABŞ dollarını ötüb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 213,485 milyon ABŞ dolları və ya 4,7% artım deməkdir.
Eyni zamanda, hesabat dövründə Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi 2,039 milyard ABŞ dolları olub, bu göstərici 2024-cü ilin ilk 9 ayı ilə müqayisədə 658,090 milyon ABŞ dolları və ya 47,7% çoxdur.
Fuad Mədətov
Finss.az
