2025-ci ilin ilk 9 ayında Azərbaycanın ilkin gəlirlər balansı defisitlə yekunlaşıb. Bu dövrdə kəsir 1,7 milyard dollar təşkil edib ki, ötən ilin eyni dövrünə nisbətən təxminən 14% azalma qeydə alınıb.
Finss.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov brifinqdə məlumat verib.
S.Nəsirov bildirib ki, ilkin gəlirlər balansının kəsrini əsasən neft-qaz sektorunda Azərbaycana yatırılmış birbaşa xarici investisiyaların faiz repatriasiyası formalaşdırır. Bu dövrdə təxminən 2 milyard dollar həcmində birbaşa xarici investisiyaların faiz repatriasiyası həyata keçirilib.
Bundan əlavə, qiymətli kağızlar portfelindən gəlirlər artıb. S.Nəsirov qeyd edib ki, ilin 9 ayında qiymətli kağızlar portfelindən gəlirlər xalis olaraq 7,4% artıb, bu isə balansın stabilliyinə müsbət təsir göstərir.
Fuad Mədətov
Finss.az
