BANK

11 Dekabr

“Paysis” MMC-yə qarşı cinayət işi: AMB ödəniş xidmətlərini dayandırdı

Azərbaycan Mərkəzi Bankı (AMB) elektron pul təşkilatı “Paysis” MMC-nin fəaliyyətini dayandırıb.

Finss.az-ın AMB-yə istinadən verdiyi məlumata görə, qərar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəsmi açıqlamasında yer alan məlumatlara əsaslanır.

Bildirilib ki, internet informasiya resurslarından istifadə etməklə qanunsuz qumar oyunlarının təşkili və əlaqəli hüquqazidd əməllərlə bağlı başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxslərlə yanaşı, “Paysis” MMC və şirkətin rəhbəri barəsində də cinayət-hüquqi tədbirlərin tətbiqi üzrə icraat başlanılıb və iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi üzrə məhkəmə qərarı qüvvəyə minənədək, AMB “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 63.1-ci maddəsinə əsaslanaraq, “Paysis” MMC-yə lisenziyası çərçivəsində göstərilən bütün ödəniş xidmətlərinin dayandırılması barədə göstəriş verib.
Yalnız ödəniş xidməti istifadəçilərinin vəsaitlərinin geri qaytarılması əməliyyatları bu məhdudiyyətdən istisna edilib.

Fuad Mədətov
Finss.az