Azərbaycan manatının ABŞ dollarına nisbəti 1,7 manat səviyyəsində sabit qalacaq. Agentliyin hesabatında bildirilir ki, bu sabitliyi ölkənin müntəzəm valyuta müdaxilələri və güclü ehtiyat potensialı dəstəkləyir.
Finss.az “SP Global Ratings” agentliyinin məlumatına əsasən xəbər verir ki, 2025-ci il oktyabrın 31-nə Mərkəzi Bankın ehtiyatları 11,4 milyard ABŞ dollarına çatıb və neft qiymətlərinə dair əsas ssenari çərçivəsində əhəmiyyətli buffer təmin edir. Uzunmüddətli aşağı neft qiymətləri dövrü hökuməti ehtiyatların qorunması məqsədilə məzənnənin idarə olunan şəkildə tənzimlənməsi imkanını nəzərdən keçirməyə vadar edə bilər.
Agentlik vurğulayır ki, sabit məzənnə aşağı inflyasiyanı dəstəkləyir, lakin Mərkəzi Bankın pul-kredit siyasətini müstəqil aparmaq imkanlarını məhdudlaşdırır. Manatla depozitlər üzrə faizlərin artırılması və məzənnənin sabit qalması nəticəsində depozitlərin dollarlaşması pandemiyadan əvvəlki 55%-lə müqayisədə 29%-ə düşüb. Bununla belə, valyuta bazarına yenidən təzyiq yaranacağı halda əmanətlərin sürətlə xarici valyutada depozitlərə qaytarılması mümkündür.
Hesabatda həmçinin xatırladılır ki, 2024–2026-cı illər üçün Maliyyə Sektorunun İnkişaf Strategiyası çərçivəsində bankların prudensial tənzimlənməsi və nəzarətinin gücləndirilməsinə yönəlmiş geniş islahatlar həyata keçirilir.
Fuad Mədətov
Finss.az
