Mərkəzi Bank media nümayəndələrinin maliyyə və mərkəzi bankçılıq sahəsində məlumatlılığının artırılması məqsədilə peşəkar inkişaf təşəbbüslərini davam etdirir. Bu çərçivədə Lənkəran şəhərində “Kapital bazarlarının əsasları” mövzusunda təlim təşkil olunub. Tədbir ölkəmizdə milli mətbuatın yaranmasının 150-ci ildönümü münasibətilə keçirilən tədbirlərin davamı olub.
Finss.az xəbər verir ki, təlimdə 20-dən çox jurnalist iştirak edib. Mərkəzi Bank nümayəndələri tərəfindən kapital bazarlarının əsas anlayışları, funksiyaları, bazar infrastrukturunun fəaliyyəti və maliyyə alətləri praktik nümunələrlə təqdim edilib. Həmçinin kapital bazarında tənzimləmə və nəzarət çərçivəsində Mərkəzi Bankın həyata keçirdiyi təşəbbüslər barədə məlumat verilib. Təlimin sonunda media nümayəndələrinin sualları cavablandırılıb.
Daha sonra jurnalistlərin Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinə ziyarəti təşkil olunub ki, bu da onların biliklərini zənginləşdirməklə yanaşı, bölgənin təbiət və tarixi potensialı ilə tanışlıq imkanı yaradıb.
Fuad Mədətov
Finss.az


