Azərbaycan Respublikası beynəlxalq kapital bazarlarına çıxışın asanlaşdırılması, borclanma prosedurlarının tənzimlənməsi, beynəlxalq maliyyə dairələri tərəfindən ölkəmizə etimadın daha da gücləndirilməsi məqsədilə 2000-ci ildən etibarən beynəlxalq kredit reytinq agentlikləri ilə əməkdaşlıq edir.
Maliyyə Nazirliyindən Finss.az-a verilən məlumata görə, bu dövr ərzində aparıcı üç beynəlxalq reytinq agentliyi (“Fitch”, “SP Global Ratings”, “Moody’s”) ilə əməkdaşlıq həyata keçirilmiş, həm rəsmi müqavilə çərçivəsində ödənişli əsaslarla, həm də müqavilə öhdəlikləri olmadan (“unsolicited rating”) agentliklər tərəfindən ölkəmizin suveren kredit reytinqi qiymətləndirilmişdir.
Beynəlxalq təcrübədə bu üç aparıcı beynəlxalq reytinq agentliyindən ikisi tərəfindən qiymətləndirmə geniş tətbiq edilən institusional təcrübədir. Bu təcrübədən çıxış edərək, Azərbaycan son 5 ildə ölkənin suveren kredit reytinqinin qiymətləndirilməsini iki agentlik (“Fitch”, “SP Global Ratings”) vasitəsilə rəsmi müqavilə üzrə ödənişli əsaslarla, bir agentliklə (“Moody’s”) müqavilə öhdəlikləri olmadan həyata keçirmişdir.
Bu dövr ərzində Azərbaycanın suveren kredit reytinqi artmış və 2024-cü ildə “Fitch Ratings”, 2025-ci ildə isə “Moody’s Ratings” agentliyi tərəfindən investisiya dərəcəsinə yüksəldilmişdir. Agentliklər tərəfindən “BBB-” və “Baa3” səviyyəsinə qaldırılan reytinq üzrə növbəti dövr üçün proqnoz “stabil” və “müsbət” olaraq qiymətləndirilmişdir.
Agentliklər Azərbaycanın güclü fiskal və xarici mövqeyə malik olduğunu, xarici valyuta aktivlərinin əhəmiyyətli artmasını, aşağı dövlət borcunu və müsbət büdcə göstəricilərini vurğulamışlar ki, bu da ölkənin xarici şoklara qarşı dayanıqlığını təmin edir.
Növbəti dövrdə rəsmi müqavilə üzrə ödənişli əsaslarla yalnız iki agentlik (Fitch və Moody’s) ilə əməkdaşlıq davam etdiriləcək, SP agentliyi ilə isə müqavilə öhdəliyindən kənar qiymətləndirmə aparılacaq.
Maliyyə Nazirliyi növbəti illərdə də ölkənin suveren kredit reytinqinin qiymətləndirilməsi üzrə beynəlxalq əməkdaşlığı davam etdirəcək və fundamental iqtisadi inkişafın reytinqlərdə əks olunmasını təmin edəcək.
Fuad Mədətov
Finss.az
