2025-ci ilin noyabrın 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşu, bank və qeyri-bank təşkilatları birgə olmaqla, 31,169 milyard manat olub.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici oktyabrın 1-i ilə müqayisədə 127,6 milyon manat və ya 0,4%, 2024-cü ilin noyabrın 1-i ilə müqayisədə isə 2,4 milyard manat və ya 8,3% çoxdur.
Hesabat dövründə kredit qoyuluşunun 7,561 milyard manatı dövlət banklarının payına düşüb, ki, bu, aylıq müqayisədə 28,7 milyon manat və ya 0,4% azalma, illik müqayisədə isə 551 milyon manat və ya 7,9% artım deməkdir.
Eyni dövrdə iqtisadiyyata qoyulmuş kreditlərin 21,842 milyard manatı özəl bankların payına düşüb, ki, bu göstərici oktyabrın 1-i ilə müqayisədə 156,3 milyon manat və ya 0,7%, ötən ilin noyabrın 1-i ilə müqayisədə isə 1,8 milyard manat və ya 8,8% çoxdur.
Bundan başqa, noyabrın 1-nə ölkə iqtisadiyyatına kredit qoyuluşlarının qeyri-bank kredit təşkilatlarına düşən payı 1,765 milyard manat olub, ki, bu da aylıq müqayisədə eyni səviyyədə qalıb, illik müqayisədə isə 66,9 milyon manat və ya 3,9% artım deməkdir.
Qeyd olunur ki, hesabat dövründə dövlət banklarının payı ümumi kredit qoyuluşunun 24,3%-ni, özəl bankların payı 70,1%-ni, bank olmayan kredit təşkilatlarının payı isə 5,7%-ni təşkil edib.
Fuad Mədətov
Finss.az
