BANK

01 Dekabr

Azərbaycanda ödəniş kartlarının sayı artıb, nağdsız əməliyyatlarda yüksəliş davam edir

2025-ci ilin oktyabr ayının sonunda Azərbaycanda banklar və “Azərpoçt” MMC sistemləri üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 21,701 milyon ədədə çatıb.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu, ötən aya nisbətən 334 min ədəd çoxdur və keçən ilin müvafiq dövrü ilə müqayisədə 13,3% artım deməkdir.

Hesabatda bildirilib ki, debet kartlarının sayı 16% artıb, kredit kartlarının sayı isə 5,2% azalıb. Kartların sayının artması ölkədaxili nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, oktyabr ayında nağdsız əməliyyatların həcmi 8,825 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,6% artım deməkdir.

Həmin ödənişlərin 7,776 milyon manatı elektron ticarətə, 1,045 milyon manatı POS-terminallara, qalan 4 milyon manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə həyata keçirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatlar ölkədaxili kart əməliyyatlarının 67,5%-ni təşkil edib.

Eyni zamanda, banklar və “Azərpoçt” MMC ödəniş xidməti şəbəkələrində də artım müşahidə olunub. Keçən ilin oktyabr ayının sonu ilə müqayisədə bankomatların sayı 8,1%, POS-terminalların sayı isə 60,4% artıb.

Fuad Mədətov
Finss.az