Azərbaycan Mərkəzi Bankı (AMB) BOKT-lərdə kənar auditə dair yeni tələbləri təsdiqləyib.
Finss.az xəbər verir ki, Mərkəzi Bankın “2024–2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində hazırladığı sənəd 22 noyabr 2025-ci ildən qüvvəyə minib.
Yeni tələblər kənar auditorun seçilməsi meyarlarını, auditorun fəaliyyətinə dair minimal standartları və Audit Komitəsinin vəzifələrini müəyyən edir. Sənəddə həmçinin eyni auditorun ardıcıl 5 ildən çox bir BOKT-də audit aparmaması, audit prosesində iştirak edən əməkdaşların son 3 ildə həmin təşkilatda çalışmaması kimi müddəalar yer alıb.
Bundan əlavə, BOKT-lərin hər il dekabrın 15-dək audit aparacaq kənar auditor barədə AMB-yə yazılı məlumat təqdim etməsi öhdəliyi müəyyən edilib.
Mərkəzi Bank bildirir ki, yeni tələblər BOKT sektorunda şəffaflığın artırılmasına və dayanıqlı inkişafın dəstəklənməsinə xidmət edəcək. Qurum sektorda institusional quruculuğun, korporativ idarəetmənin və beynəlxalq praktikaya uyğun audit mexanizmlərinin gücləndirilməsi istiqamətində işləri davam etdirəcək.
Fuad Mədətov
Finss.az
