Bank sektorunda rəqəmsallaşma, süni intellekt, o cümlədən açıq maliyyə ekosistemləri təhlükəsizlik və dayanıqlılıq üçün əsasdır.
Finss.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı IX Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bankçılıq artıq yalnız xidmət təqdim etməkdən ibarət deyil:
"Məlumat əsaslı idarəetmə, süni intellekt ilə risklərin proqnozlaşdırılması, real vaxtda insidentlərin aşkarlanması və proqressiv tənzimləyici standartların tətbiqi yeni bankçılıq modelinin əsasını təşkil edir. ESG çərçivələri, Bazel III tələbləri, likvidlik və risk idarəetməsində süni intellekt əsaslı yanaşmalar da dayanıqlı inkişafın vacib komponentlərinə çevrilib."
V.Qasımlı qeyd edib ki, bank sektorunun əsas vəzifəsi innovasiyanı təhlükəsizliklə balanslaşdırmaq və dayanıqlı sistemlərə keçidi təmin etməkdir:
"Süni intellekt və böyük verilənlərin tətbiqi banklara kredit, likvidlik, bazar və əməliyyat risklərini daha proaktiv qiymətləndirməyə, real vaxt çərçivəsində analitik qərar mexanizmləri ilə operativ reaksiya göstərməyə imkan verir."
İcraçı direktor əlavə edib ki, bank sektorunun davamlı inkişafı üçün ekosistem yanaşması kritik əhəmiyyət daşıyır:
"Bu yanaşma maliyyə institutlarının müştərilər, fintech şirkətləri, tənzimləyici orqanlar və digər maraqlı tərəflərlə inteqrasiya olunmuş ekosistem yaratmasını təmin edir. Belə bir ekosistem informasiya paylaşımını, innovasiya təşviqini və risklərin paylanmasını gücləndirir, sektorun dayanıqlılığını artırır."
V.Qasımlı həmçinin proqressiv və çevik tənzimləyici yanaşmanın bank sektorunun etibarlılığı və təhlükəsizliyi üçün əsas faktor olduğunu bildirib:
"Tənzimləyicilər texnoloji inkişafı izləməli, süni intellekt və böyük verilənlər kimi alətlərin risk idarəetmə proseslərində istifadəsini dəstəkləməlidirlər. Bu, həm tənzimləyici nəzarəti gücləndirir, həm də bankların innovativ və dayanıqlı fəaliyyət göstərməsi üçün əlverişli mühit yaradır."
Nəticə etibarilə, V.Qasımlı bankçılıq sisteminin yeni inkişaf modelinin rəqəmsal transformasiya, süni intellekt texnologiyaları, açıq maliyyə ekosistemləri və dayanıqlılıq prinsipləri əsasında formalaşmasının müasir dövrün struktur iqtisadi tələblərindən biri olduğunu vurğulayıb:
"Bu istiqamətlərin inteqrasiyası maliyyə institutlarının rəqabətqabiliyyətliliyini artırır, risklərin daha effektiv idarə olunmasını təmin edir və uzunmüddətli maliyyə dayanıqlığını gücləndirir."
Fuad Mədətov
Finss.az
