BANK

20 Noyabr

Azərbaycanda bank sektorunun aktivləri artıb - Zakir Nuriyev

2025-ci ilin üçüncü rübünün sonuna bank sektorunun aktivləri 10,4% artaraq 56,1 milyard manata çatıb.

Finss.az xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev IX Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, kredit portfeli 9,6% artaraq 29,3 milyard manat, biznes kreditləri isə 1,1 milyard manat artaraq 15,5 milyard manat təşkil edib.

ABA prezidenti fiziki şəxslərin əmanətləri 15,4 milyard manat, müddətli əmanətlərin isə 9,7 milyard manat olduğunu və illik artımın müvafiq olaraq 11% və 18% olduğunu bildirib. Ev təsərrüfatlarının əmanətlərində dollarlaşma səviyyəsi 34,6%-dən 32,3%-ə enib. Bankların kapitalı 14% artaraq 7,2 milyard manata, xalis mənfəət isə 8,2% artaraq 911 milyon manat təşkil edib.

Z.Nuriyev həmçinin milli ödəniş sistemləri və rəqəmsal ödənişlər sahəsində əhəmiyyətli irəliləyişlərin müşahidə olunduğunu qeyd edib. O bildirib ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Milli Ödəniş Sistemləri üzərindən edilən ödənişlərin həcmi 590 milyard manat olub və 2024-cü ilin analoji dövrü ilə müqayisədə 9,4% artıb. Ödəniş kartları ilə aparılan əməliyyatların həcmi 72,2 milyard manat təşkil edib ki, bu da 2024-cü ilin III rübü ilə müqayisədə 29,1% çoxdur. Nağdsız ödənişlərin payı 4 faiz bəndi artaraq 67,4%-ə yüksəlib.

ABA prezidenti rəqəmsal ödənişlərdə innovativ həllərin tətbiqinin vacibliyini də vurğulayıb. Onun sözlərinə görə, Ani Ödənişlər Sisteminin funksional imkanlarından tam istifadə edilməli, QR-kod və NFC texnologiyaları ilə ödəniş alətləri genişləndirilməli, card-to-card ödəniş əməliyyatları isə qanunvericilik çərçivəsində tənzimlənməlidir. O əlavə edib ki, ödəniş xidmətləri qanunvericiliyində və sandbox rejimində tətbiq olunan nəzarət çərçivələrində dəyişikliklər nəzərdə tutulur.

Z.Nuriyev həmçinin regional əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb:
“Rəqəmsal ödəniş ekosisteminin regional səviyyədə inkişafı üçün qonşu ölkələrlə, o cümlədən Türkiyə və Gürcüstanla sandbox rejiminin qarşılıqlı tətbiqi imkanları qiymətləndirilməlidir. Bu, region ölkələri arasında inteqrasiyanın dərinləşməsinə imkan yaradacaqdır.”

ABA və üzv banklar 2025-ci il ərzində 50-dən çox tədbirə töhfə verib. Z.Nuriyev maliyyə savadlığı sahəsində görülən işlərə də toxunaraq bildirib ki, Mərkəzi Bank, Maliyyə Tədris Mərkəzi və digər qurumlarla birgə təşkil olunan “Maliyyə Savadlılığı Viktorinası” 13–15 yaşlı məktəblilər arasında keçirilir. Prezident övladları və yaxınları viktorinaya dəvət edib, iştirakçılara uğurlar arzulayıb.

Fuad Mədətov
Finss.az