Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə keçirilən “Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq” mövzusunda IX Beynəlxalq Bankçılıq Forumu çərçivəsində Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Vüsal Xəlilov geniş çıxış edib.
Finss.az xəbər verir ki, V.Xəlilov çıxışında bank sektorunda rəqəmsal transformasiya, kibertəhlükəsizlik, tənzimləmə siyasəti və fintex ekosisteminin inkişafı ilə bağlı vacib mesajlar verib.
AMB rəsmisi qeyd edib ki, bankçılıq sektoru süni intellekt əsaslı həllərin sürətlə genişlənməsi ilə yeni mərhələyə qədəm qoyub:
“Maliyyə dünyasında baş verən sürətli transformasiya bankların fəaliyyət modelini köklü şəkildə dəyişdirir. Artıq rəqəmsal xidmətlər, süni intellekt əsaslı həllər və əhatəli kibertəhlükəsizlik çərçivələri bankçılıq sektorunun dayanıqlılığının əsas şərtinə çevrilmişdir.”
V.Xəlilov maliyyə sabitliyinin təmin olunması üçün tənzimləmə çərçivələrinin gücləndirildiyini vurğulayaraq yeni sənədlər üzərində iş aparıldığını bildirib:
“Mərkəzi Bankın maliyyə sabitliyi mandatına uyğun olaraq əsas diqqətimiz bank sektorunun təhlükəsiz və dayanıqlı fəaliyyətini təmin edən tənzimləmə çərçivələrinin təkmilləşdirilməsinə, risk əsaslı nəzarət mexanizmlərinin gücləndirilməsinə, eləcə də rəqəmsal əməliyyatların davamlılığı və kibertəhlükəsizlik üzrə standartların yenilənməsinə yönəlib. …Hazırda İT İdarəetmə, Data İdarəetməsi və Süni İntellekt İdarəetməsi çərçivələrinin hazırlanması üzrə işlər aparılır və bu istiqamətdə hazırlanan layihə sənədləri yaxın zamanda maliyyə sektoruna təqdim olunacaq.”
Onun sözlərinə görə, məsafədən hesab açılması ilə bağlı tənzimləmələr də tamamlanmaq üzrədir.
AMB sədr müavini ölkədə rəqəmsal ödənişlərin kəskin artdığını diqqətə çatdırıb:
“2025-ci ilin ilk 10 ayı ərzində nağdsız əməliyyatların xüsusi çəkisinin 67%-ə yüksəlməsi... sektorun rəqəmsal transformasiyasının real nəticələrini əks etdirir.”
AÖS üzrə son 6 ayda əldə edilən nəticələr belədir:
AÖS əməliyyatlarının sayı 25 dəfə artaraq aylıq 1,8 milyona çatıb
Bankların 70%-i C2C köçürmələrini AÖS-lə inteqrasiya edib
İnternet bankçılığı üzərindən AÖS ödənişlərinin aylıq dövriyyəsi 4 dəfə artaraq 100 milyon manata yüksəlib
V.Xəlilov bildirib ki, növbəti mərhələdə B2B ödənişləri və HÖP xidmətlərinin də AÖS-ə inteqrasiyası nəzərdə tutulur.
O, fintex sektorunun genişlənməsinin davam etdiyini vurğulayıb:
“Hazırda 17 elektron pul təşkilatı, 9 ödəniş təşkilatı və 2 ödəniş sistemi operatoru fəaliyyət göstərir, onların ümumi əməliyyat həcmi cari ilin ilk 10 ayı üzrə 53.1 milyard manat təşkil etmişdir.”
AMB-nin Açıq Bankçılıqdan Açıq Maliyyəyə keçid istiqamətində atdığı addımlar da forum iştirakçılarının diqqətinə çatdırılıb.
Sədr müavini innovativ maliyyə məhsullarının real mühitdə sınaqdan keçirilməsi üçün yaradılmış Xüsusi Tənzimləmə Rejimi barədə də məlumat verib:
“Hazırda I qəbul mərhələsi üzrə 2 iştirakçının sınaq müddəti uzadılmışdır… bir neçə layihənin yaxın günlərdə sınaq mühitinə qəbul ediləcəyi gözlənilir.”
Onun sözlərinə görə, AMB eyni zamanda “always open” – davamlı açıq müraciət modelinə keçid üzərində işləyir.
V.Xəlilov bank sektorunda kibertəhlükəsizliyin gücləndirilməsinin əsas prioritet olduğunu qeyd edib:
“FinCERT-in fəaliyyəti də hazırda formalaşma və inkişaf mərhələsindədir; komandanın genişlənməsi və yeni mütəxəssislərin qoşulması ilə imkanlar artır… mövcud kibertəhdidlərin təhlil edilərək maliyyə bazarı iştirakçılarına operativ təqdim olunmasına imkan yaradır.”
AMB rəsmisi qeyd edib ki, Forumun ikinci günündə kibertəhlükəsizliyə həsr olunan panel bu istiqamətin sektor üçün prioritetliyini bir daha göstərir.
Sonda V.Xəlilov rəqəmsal bankçılığın inkişafında insan kapitalının roluna diqqət çəkib:
“Mərkəzi Bank tərəfindən tənzimləmə və idarəetmə çərçivələrinin formalaşdırılması ilə yanaşı, sektor üzrə bilik və bacarıqların inkişaf etdirilməsi xüsusi diqqət mərkəzində saxlanılır.”
Fuad Mədətov
Finss.az
