2025-ci ilin oktyabr ayında istehlak qiymətləri indeksi (İQİ) 2024-cü ilin oktyabr ayına nisbətən 105,9% təşkil edib.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə indeks 108,2%, qeyri-qida məhsulları üzrə 102,5%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 105,6% olub.
Oktyabr ayında İQİ əvvəlki aya nisbətən 100,5%, yanvar-oktyabr dövründə isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 105,7% təşkil edib. Qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi oktyabr ayında əvvəlki aya nisbətən 100,8%, yanvar-oktyabr dövründə isə 106,9% olub.
Qida məhsullarında qiymət dəyişiklikləri:
Oktyabr ayında qarabaşaq yarması, mal və qoyun əti, mal ətindən konservlər, balıq və balıq məhsulları, yumurta, ayran, kəsmik, pendir, kərə yağı, banan, armud, fındıq, pomidor, şirin bibər, badımcan, süfrə çuğunduru, yerkökü, kartof, şokolad məmulatları, qara və yaşıl çay bahalaşıb.
Ucuzlaşan məhsullar isə: limon, portağal, naringi, alma, heyva, narın, xurma, üzüm, kivi, qoz, şabalıd, göyərti, balqabaq, sarımsaq və soğan olub. Digər qida məhsullarında ciddi dəyişiklik müşahidə edilməyib.
Qeyri-qida məhsullarında qiymət dəyişiklikləri:
Oktyabr ayında əvvəlki aya nisbətən 100,3%, yanvar-oktyabr dövründə isə 102,6% təşkil edib. Bu dövrdə geyimlər, şəxsi gigiyena və zərgərlik məmulatları bahalaşıb, yuyucu və təmizləyici vasitələr ucuzlaşıb, digər qeyri-qida məhsullarında isə ciddi dəyişiklik olmayıb.
Əhaliyə göstərilmiş ödənişli xidmətlərdə qiymət dəyişiklikləri:
Oktyabr ayında əvvəlki aya nisbətən 100,4%, yanvar-oktyabr dövründə isə 106,6% təşkil edib. Mənzillərin kirayəsi, metro, taksi, şəhər və şəhərətrafı avtobus nəqliyyatı, restoran və kafelər tərəfindən göstərilən iaşə xidmətləri bahalaşıb, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətləri ucuzlaşıb. Digər xidmətlərdə ciddi dəyişiklik müşahidə olunmayıb.
Fuad Mədətov
Finss.az
