BANK

03 Noyabr

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 9,3% artıb

Bu ilin oktyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşunun (bank və qeyri-bank birlikdə) həcmi 31,042 milyard manat təşkil edib.

Finss.az Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına əsasən xəbər verir ki, banklar və qeyri-bank kredit təşkilatları tərəfindən iqtisadiyyata yönəldilən kreditlərin həcmi bir ay əvvəlki göstərici ilə müqayisədə 577 milyon manat (1,9%), 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 2,6 milyard manat (9,3%) artıb.

Hesabat dövründə dövlət banklarının kredit portfeli 7,6 milyard manat olub. Bu, aylıq müqayisədə 171 milyon manat (2,3%), illik müqayisədə isə 723 milyon manat (10,5%) artım deməkdir.

Özəl bankların iqtisadiyyata yönəltdiyi kreditlərin həcmi 21,686 milyard manat təşkil edib ki, bu da sentyabr ayına nisbətən 401 milyon manat (1,9%), ötən ilin eyni dövrünə nisbətən isə 1,8 milyard manat (9,3%) çoxdur.

Qeyri-bank kredit təşkilatlarının kredit qoyuluşu isə 1,765 milyard manat olub. Bu göstərici aylıq müqayisədə 6 milyon manat (0,3%), illik müqayisədə isə 67 milyon manat (3,9%) artım göstərib.

Ümumi strukturda kredit qoyuluşlarının pay bölgüsü belə olub:

  • Dövlət bankları – 24,5%
  • Özəl banklar – 69,9%
  • Qeyri-bank kredit təşkilatları – 5,7%

Fuad Mədətov
Finss.az