BOKT sektorunda problemli kreditlərin həcmi artıb.
Finss.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, 2025-ci ilin ilk yarımilində bank olmayan kredit təşkilatları (BOKT) sektorunun kredit portfelinin keyfiyyəti pisləşib. Bu, qeyri-işlək kreditlər (QİK) portfelinin artımı ilə əlaqələndirilir.
Məlumata əsasən, ötən ilin sonu ilə müqayisədə QİK portfeli 14% artaraq 128,8 milyon manat təşkil edib. Həmçinin, QİK əmsalı 1,9 faiz bəndi yüksələrək 15,9%-ə çatıb. AMB bildirir ki, artımı şərtləndirən əsas amil istehlak kreditlərindəki risklərin yüksəlməsi olub. Belə ki, istehlak kreditləri üzrə QİK əmsalı 5 faiz bəndi artaraq 20,8%, biznes kreditləri üzrə isə 2,8 faiz bəndi azalaraq 9,7% təşkil edib.
Təhlillərə əsasən, istehlak kreditlərindəki problemli borcların əksər hissəsi qısamüddətli (gündəlik) kreditlərdən qaynaqlanır. Bu istiqamətdə yenilənmiş prudensial tələblər tətbiq olunub. Yeni qaydalara əsasən, gündəlik kreditlərin:
-
yalnız milli valyutada verilməsi,
-
faiz dərəcəsinin maksimum 0,3%,
-
qaytarılma müddətinin ən çox 45 gün,
-
kredit məbləğinin isə 500 manatı keçməməsi müəyyənləşdirilib.
AMB-nin açıqlamasında qeyd olunur ki, bu tənzimləyici yanaşmalar məsuliyyətli kreditləşməni təşviq edəcək, borcalanların ödəmə qabiliyyətinə uyğun borclanmanı təmin edəcək və əhalinin maliyyə yükünün artmasının qarşısını alacaq.
Mərkəzi Bank, həmçinin, BOKT sektorunda mövcud tendensiyaları və beynəlxalq təcrübəni nəzərə alaraq tənzimləyici çərçivənin təkmilləşdirilməsini davam etdirməyi planlaşdırır.
Fuad Mədətov
Finss.az