BOKT sektorunun aktivləri və öhdəlikləri azalıb.
Finss.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu ilin birinci yarımilində bank olmayan kredit təşkilatları (BOKT) sektorunun aktivlərinin həcmi 3% (30 milyon manat) azalaraq 963 milyon manat olub.
Məlumata görə, azalma əsasən xalis kredit portfelindəki geriləmə ilə bağlıdır. Kreditləşmə fəaliyyətindəki artım dinamikasına baxmayaraq, yarımil ərzində xalis kredit portfeli 6,3% (45 milyon manat) azalıb.
AMB bildirib ki, 15 noyabr 2024-cü ildə qüvvəyə minmiş “Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası” nəticəsində BOKT-lər üzrə ilk dəfə xərclər hesabına xüsusi ehtiyatların yaradılması tələb edilib. Bu da xalis kredit portfelinin azalmasına səbəb olub.
BOKT-lərin cəmi öhdəlikləri isə 4,5% (24,4 milyon manat) azalaraq 513 milyon manata enib. Öhdəliklərin azalmasına əsasən maliyyə institutları qarşısında kredit öhdəliklərinin və hesablanmış vergilərin azalması təsir göstərib.
Ümumilikdə, BOKT-lərin maliyyə vasitəçiliyində rolu hələ də məhduddur. 2025-ci ilin birinci yarımilinə olan məlumata əsasən, Azərbaycanda 57 BOKT və 36 kredit ittifaqı fəaliyyət göstərir — yəni ümumilikdə 93 qeyri-bank kredit təşkilatı mövcuddur.
BOKT-lərin maliyyə sistemində aktivlər üzrə bazar payı 1,6% təşkil edib. Hesabat dövründə 1 BOKT-nin lisenziyası ləğv olunub, 1 təşkilata isə yeni lisenziya verilib.
Hazırda fəaliyyət göstərən 15 BOKT xarici kapitallıdır, onlardan 12-də xarici kapitalın payı 50%-dən çoxdur. İl ərzində işçilərin sayı 147 nəfər artaraq 3 693 nəfərə, filialların sayı isə 5 ədəd artaraq 309-a yüksəlib.
Fuad Mədətov
Finss.az