BANK

08 Oktyabr

Bank sektorunun xərcləri və maliyyələşməsi artıb

Bank sektorunun xərcləri və maliyyələşməsi artıb.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumataına əsasən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bank sektorunun faiz xərcləri 55% artaraq 854 milyon manata çatıb. Artımın təxminən 70%-i depozitlər üzrə faiz xərcləri hesabına baş verib.

Məlumata əsasən, faiz xərclərinin artımının 43%-i müddətli depozitlər, 22%-i isə hüquqi şəxslərin tələbli depozitləri üzrə maliyyələşmə xərci ilə bağlıdır. Bildirilib ki, son dövrlər müddətli depozit bazasının genişlənməsi və əvvəlki dövrlərdə faizsiz və ya aşağı faizlə depozit saxlayan hüquqi şəxslərə daha yüksək faizlərin təklif olunması hüquqi şəxslərin depozitləri üzrə xərclərin artmasına səbəb olub.

Fiziki xərclərin artması fonunda sektorun xalis faiz spredi cüzi daralıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bütün faizli maliyyələşmə mənbələrinin dəyəri 0.9 faiz bəndi artaraq 5.7%-ə, aktivlərin gəlirliliyi isə 0.7 faiz bəndi artaraq 11.2%-ə çatıb. Nəticədə faiz spredi 0.2 faiz bəndi daralıb.

Bununla yanaşı, qeyri-faiz xərclərinin artımı sektorun səmərəliliyinə mənfi təsir göstərib. 2024-cü ilin birinci yarımili ilə müqayisədə bankların qeyri-faiz xərcləri 16% (203 milyon manat) artaraq 1,5 milyard manata çatıb. Artımın əsas drayverləri əmək haqqı və digər kompensasiya xərcləri (71 milyon manat)haqq/komissiya xərcləri (87 milyon manat) olub.

Qeyri-faiz xərclərinin artım tempinin xalis faiz və qeyri-faiz gəlirlərinin artım tempini üstələməsi nəticəsində bank sektorunun səmərəlilik göstəricisi 2 faiz bəndi geriləyərək 52%-ə düşüb.

Fuad Mədətov
Finss.az