Ötən ilin sonu ilə müqayisədə bank sektorunda aktivlər üzrə təmərküzləşmə artmasına baxmayaraq, depozit və kredit portfellərində təmərküzləşmə azalıb.
Bu barədə Finss.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, beynəlxalq təcrübədə geniş istifadə olunan HHI indeksi üzrə kredit portfeli üzrə təmərküzləşmə ötən ilin sonu ilə müqayisədə 6 vahid azalaraq 1201 təşkil edib. Depozit portfeli üzrə HHI indeksi isə 8 vahid azalarq 1645-ə düşüb. Eyni zamanda, aktivlər üzrə HHI indeksi 5 vahid artaraq 1480 səviyyəsinə çatıb.
Məlumatda qeyd olunub ki, bank sistemində kredit portfelinə əsasən aşağı səviyyədə təmərküzləşmə, depozit portfelinə əsasən isə orta səviyyədə təmərküzləşmə mövcuddur. Aktivlərin ümumi məbləğinə əsasən isə bank sektoru aşağı və orta təmərküzləşmə sərhədindədir. AMB bank sektoru üzrə təmərküzləşməni daim diqqətdə saxlayır.
Qeyd edək ki, HHI indeksi beynəlxalq təcrübədə bazarlarda rəqabətliliyi və təmərküzləşməni qiymətləndirmək üçün istifadə olunur. ABŞ Ədliyyə Departamentinin təcrübəsinə görə, bazarlar HHI dəyərinə əsasən üç qrupa bölünür: aşağı səviyyədə təmərküzləşmiş bazarlar (HHI <1500), orta səviyyədə təmərküzləşmiş bazarlar (1500–2500), yüksək səviyyədə təmərküzləşmiş bazarlar (>2500). HHI dəyəri 0–10,000 arasında dəyişir.
Fuad Mədətov
Finss.az