BANK

30 Sentyabr

Azərbaycanda orta illik maliyyələşmə həcmi artıb - AİB

2008–2024-cü illərdə Azərbaycanda qeyri-suveren əməliyyatların həcmi 2,6 milyard dollar olub.

Finss.az Avrasiya İnkişaf Bankına (AİB) istinadən xəbər verir ki, əsas investorlar Avropa Yenidənqurma və İnkişaf Bankı (848 milyon dollar), Asiya İnkişaf Bankı (791 milyon dollar), Beynəlxalq Maliyyə Korporasiyası (209 milyon dollar) və Asiya İnfrastruktur İnvestisiya Bankıdır (170 milyon dollar). Prioritet istiqamətlər energetika (714 milyon dollar) və maliyyə sektoru (517 milyon dollar) olub.

Hesabata əsasən, Azərbaycanda orta illik maliyyələşdirmə həcmi 2,6 dəfə artaraq 2008–2010-cu illərdəki 108 milyon dollardan 2022–2024-cü illərdə 280 milyon dollara yüksəlib.

AİB ekspertlərinin qeyd etdiyinə görə, Cənubi Qafqaz ölkələrində (Azərbaycan, Ermənistan, Gürcüstan) 2008–2024-cü illərdə beynəlxalq maliyyə təşkilatlarının təsdiqlədiyi qeyri-suveren maliyyələşdirmə həcmi 11,3 milyard dollar təşkil edib.

Hesabatda vurğulanır ki, Cənubi Qafqaz ölkələrinin Avrasiya regionunda qeyri-suveren əməliyyatların payı 2008–2010-cu illərdə 9 faizdən 2022–2024-cü illərdə 20 faizə yüksəlib, orta maliyyələşdirmə həcmi 0,4 milyard dollardan 1,1 milyard dollara artıb. Maliyyələşdirmənin əsas sahələri energetika və maliyyə sektoru olub, bu da beynəlxalq maliyyə təşkilatlarının Mərkəzi Asiyadakı prioritetlərinə uyğun müəyyən edilib.

Hesabatda qeyd olunur ki, BMT-lərin investisiya cəlbetmə dinamikası Cənubi Qafqazda Mərkəzi Asiyadakından aşağıdır, bu isə regionların iqtisadi miqyas fərqləri, daha az investisiya potensialı və Cənubi Qafqaz ölkələrinin zəif regional bağlılığı ilə əlaqədardır.