BANK

31 İyul

Asiya İnkişaf Bankı Azərbaycana yeni 5 illik Ölkə Tərəfdaşlıq Strategiyasını təqdim edib

Asiya İnkişaf Bankı (AİB) Azərbaycan üçün 2025-2029-cu illəri əhatə edən yeni Ölkə Tərəfdaşlıq Strategiyasını (ÖTS) açıqlayıb.

Finss.az bu barədə Banka istinadən xəbər verir ki, strategiya ölkənin dayanıqlı inkişaf hədəflərinə nail olması üçün yaşıl və şaxələndirilmiş iqtisadiyyatın yaradılması, eləcə də aşağı-karbonlu bağlantılar və inklüziv inkişafın təşviqi istiqamətində prioritetlər müəyyən edir.

AİB-in Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Jamal bildirib ki, bank bu yeni mərhələdə özəl sektorun aparıcı olduğu iqtisadi artımı dəstəkləməyə, maliyyə sektorunun gücləndirilməsinə və regional əməkdaşlığın genişləndirilməsinə yönələcək:
“Biz uyğunlaşdırılmış strateji investisiyalar və birgə səylər vasitəsilə Azərbaycanın inkişaf prioritetlərinə nail olmasına, regionun inkişafına və ölkə vətəndaşlarının rifahına dəstək verməyi hədəfləyirik.”

Yeni strategiya Azərbaycanın milli inkişaf planlarına uyğun olaraq hazırlanıb və ölkənin qarşısında duran əsas çağırışlara cavab verməyi, eyni zamanda yaşıl və davamlı artım üçün imkanlardan istifadə etməyi nəzərdə tutur. Strateji sənəddə innovasiyalar, yüksək dəyərli məhsulların və xidmətlərin təşviqi, həmçinin peşəkar kadr potensialının gücləndirilməsi ilə rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşdırılması əsas yerlərdən birini tutur.

ÖTS-nin təsiri yalnız ÜDM-in artımı ilə məhdudlaşmır, həmçinin insanlar, ətraf mühit və digər qlobal ictimai malların qorunmasına xidmət edir. Buna görə də, strategiyaya iqlim fəaliyyətlərinin sürətləndirilməsi, fəlakət risklərinin azaldılması, gender bərabərliyi və rəqəmsal transformasiyanın təşviqi kimi məsələlər də daxil edilib.

AİB 1966-cı ildə təsis olunmuşdur və hazırda 69 üzv ölkəyə malikdir. Bank Asiya və Sakit Okean regionunda dayanıqlı, inklüziv və davamlı inkişafı dəstəkləyən aparıcı çoxtərəfli inkişaf qurumudur. AİB üzv ölkələrlə əməkdaşlıq edərək insanların həyat şəraitinin yaxşılaşdırılması, keyfiyyətli infrastrukturun qurulması və planetimizin qorunması məqsədilə innovativ maliyyə alətləri və strateji tərəfdaşlıqlardan istifadə edir.