BANK

24 İyul

Rusiyadan Azərbaycana və əks istiqamətdə pul köçürmələri azalıb

2025-ci ilin birinci rübündə Azərbaycandan Rusiyaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 9,5 milyon ABŞ dolları olub. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6,7 milyon dollar və ya 1,7 dəfə azalıb.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrində Rusiyanın payı 8,4% təşkil edib.

Eyni zamanda, 2025-ci ilin ilk rübündə Rusiyadan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 85,6 milyon dollar olub ki, bu da 2024-cü ilin eyni dövrünə nisbətən 69,7 milyon dollar və ya 1,8 dəfə azalma deməkdir. Xaricdən Azərbaycana ümumi pul köçürmələrində Rusiyanın payı 37,3% təşkil edərək, Rusiya ən çox pul daxilolmaları üzrə ilk yerdədir.

2024-cü ilin birinci rübündə Azərbaycandan Rusiyaya köçürmələr 16,2 milyon, əks istiqamətdə isə 155,4 milyon dollar təşkil etmişdi.

Ümumilikdə, 2025-ci ilin ilk rübündə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin pul köçürmələri 112,7 milyon dollar olub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 18,8 milyon dollar və ya 14,3% azalma deməkdir.

Xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələri isə 229,5 milyon dollar təşkil edib və bu, ötən ilin eyni dövrünə görə 64,9 milyon dollar və ya 22,1% azalıb.

Fuad Mədətov
Finss.az