İyulun 23-də Mərkəzi Bankda iqtisadçı ekspertlərin iştirakı ilə növbəti müzakirə görüşü baş tutub. Üç saatdan artıq davam edən görüşdə pul siyasəti, tədiyə balansı, rəqəmsal texnologiyalar və maliyyə sektorunda müşahidə olunan cari trendlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Finss.az xəbər verir ki, tədbirdə, eyni zamanda, Mərkəzi Bank tərəfindən hazırlanmış yeni maliyyə aləti – hedcinq mexanizmi təqdim olunub. İştirakçılara bu alətin iqtisadiyyata potensial təsirləri, risklərin azaldılmasında oynaya biləcəyi rol və maliyyə sabitliyinə mümkün töhfələri barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, Mərkəzi Bank ekspertlərlə mütəmadi və konstruktiv dialoqu prioritet hesab edir. Belə platformalar həm ictimai rəyin daha düzgün formalaşmasına, həm də qəbul edilən qərarların şəffaf şəkildə maraqlı tərəflərə çatdırılmasına xidmət edir.
Görüşdə iştirak edən və dəyərli fikirlərini bölüşən bütün ekspertlərə Mərkəzi Bank tərəfindən təşəkkür ifadə olunub.





