BANK

18 İyul

“Moody's”: Mərkəzi Bankın yeni likvidlik tələbləri Azərbaycan banklarının dayanıqlılığını artıracaq

Finss.az - Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 1-dən etibarən "Bazel III" çərçivəsində likvidliyin əsas göstəricisi olan Likvidliyin Örtülməsi Əmsalının (Liquidity Coverage Ratio, LCR) mərhələli tətbiqinə başlayacaq.

“Report”un “Moody’s” beynəlxalq reytinq agentliyinə istinadən xəbər verir ki, bu tənzimləmə banklardan həm ümumi, həm də milli valyutada yüksək keyfiyyətli likvid aktivlərin kifayət qədər həcmini saxlamağı tələb edir. Standarta tam keçidin 2027-ci ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.

“Yeni strukturun tətbiqi kredit reytinqi baxımından müsbət amildir. Bu, “Baa3” reytinqinə (müsbət proqnoz) malik Azərbaycan banklarının milli valyutada davamlı likvidlik təmin etmək imkanlarını artıracaq. Eyni zamanda, bu addım bank sektorunun maliyyə dayanıqlılığının gücləndirilməsi və beynəlxalq standartlara uyğunluğun artırılması baxımından əhəmiyyətlidir”, - deyə “Moody’s” qeyd edib.

AMB-nin məlumatına görə, son illərdə bank sistemində milli valyutada likvid aktivlərin payı əhəmiyyətli dərəcədə artaraq, 2020-ci ildəki 46 %-dən 2024-cü ilin sonuna 56 %-ə yüksəlib.

Yeni tənzimləməyə əsasən, sistem əhəmiyyətli banklar 2025-ci il avqustun 1-dən etibarən milli valyutada LCR göstəricisini 50 % səviyyəsində təmin etməli və 2027-ci il iyunun 1-dək bu göstəricini 100 %-ə çatdırmalıdırlar. Digər banklar üçün isə ümumi LCR göstəricisinin tətbiqi 2025-ci ilin avqustundan 40 %-lik səviyyədən başlayaraq, 2027-ci ilin dekabrın 1-dək mərhələli şəkildə 100 %-ə yüksəldiləcək.

Qeyd edək ki, likvidliyin örtülməsi əmsalı həm ümumi, həm də milli valyuta üzrə ayrı-ayrılıqda hesablanacaq. Banklar bu göstəricilərlə bağlı məlumatları gündəlik olaraq AMB-yə təqdim etməli olacaqlar.

Bank qrupu

Növ LCR

Avqust 2025

Dekabr 2025

İyun 2026

Dekabr 2026

İyun 2027

Dekabr 2027

Qeyri-sistemli banklar

Birləşmiş

90%

100%

100%

100%

100%

100%

Milli valyuta

40%

55%

70%

80%

90%

100%

Sistem əhəmiyyətli banklar

Birləşmiş

100%

100%

100%

100%

100%

100%

Milli valyuta

50%

65%

80%

90%

100%

100%

 

 

 

 

 

 

 

 

Yeni qaydalar yüksək likvidli aktivlərin (High-Quality Liquid Assets - HQLA) siyahısını də genişləndirir. Bu çərçivədə qiymətli metallar, dövlət zəmanətləri, dərhal çıxarıla bilən depozitlər və daha əvvəl HQLA kimi təsnif edilməyən, lakin müəyyən keyfiyyət meyarlarına cavab verən digər aktivlər də bu kateqoriyaya daxil ediləcək.

Xüsusilə milli valyutada aktivlərə və qiymətli metallara xüsusi diqqət yetirilir. Əgər bu aktivlər əvvəllər likvid hesab edilmirdisə, indi müəyyən olunmuş şərtlərə cavab verdikləri halda HQLA tərkibinə daxil edilə bilərlər. Bu yanaşma, bazarda qeyri-sabitliyin müşahidə olunduğu və manata tələbin məhdud olduğu dövrlərdə xüsusilə önəmlidir. Belə şəraitdə bu aktivlər banklara likvidliyə çıxışı aktivlərin təcili konvertasiyasına ehtiyac olmadan təmin etməyə imkan verir.

AMB-nin açıqlamasına əsasən, hazırda ölkədə fəaliyyət göstərən bütün banklar həm milli, həm də xarici valyutada mövcud likvidlik normativlərinə riayət edirlər. Sektor üzrə LCR əmsalının orta göstəricisi manatda 150 %, xarici valyutada isə 178 % səviyyəsindədir.

“Bu göstəricilər bank sistemində əhəmiyyətli likvidlik buferlərinin mövcudluğunu və yeni tələblərin tətbiqinə yüksək hazırlıq dərəcəsini əks etdirir”, - deyə “Moody’s” vurğulayıb.